“Gözlər yoldan yığılarmı…” kitabının təqdimatı keçirilib

 

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Bakı İdman Sarayında Qarabağ savaşında itkin düşmüş və hələ də əzizləri tərəfindən yolu gözlənilən Xəqani Eyvaz oğlu Əkbərovun döyüş və keçdiyi həyat yolundan bəhs edən “Gözlər yoldan yığılarmı” kitabının təqdimat mərasimi keçirilib.

 

Oxuyaq.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Respublika Xatirə Kitabı” redaksiyası və “Bakı-Xəbər” qəzetinin birgə layihəsi olan “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən nəşr edilən “Gözlər yoldan yığılarmı” sənədli povestinin müəllifi tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablıdır. Layihə rəhbəri “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovadır.

Tədbiri Qarabağ savaşında itkin düşmüş Xəqani Əkbərova həsr olunmuş kitabın ərsəyə gəlməsində əməyi olan təşkilatlara təşəkkürünü bildirərək qeyd ediblər ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Respublika Xatirə Kitabı” redaksiyası indiyə qədər 17 kitab nəşr edib. Bu gün işığına toplaşdığımız bu kitab isə “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından olan sayca üçüncü nəşrdir. İndiyə qədər “Gözlə gələcəyəm”, “Bir xatirə dəftərinə bənzəyir ömrüm” kitabları isə artıq oxucuların ixtiyarına verilib.

Jurnalist Nəzirməmməd Zöhrablı tədbir iştirakçılarına kitab üzərində işləyərkən apardığı axtarışlardan, itkin X.Əkbərovun doğmaları, yaxınları ilə görüşlərindən bəhs edib.

Tədbirdə iştirak edən Xəqani Əkbərovun qohumları və döyüş yoldaşları belə bir kitabı ərsəyə gətirdikləri üçün redaksiyaya öz təşəkkürlərini bildirərək, onun ömür yolundan söhbət açıblar.

Qeyd olunub ki, bu seriyadan olan nəşrlər yaşadığımız dövrün müharibə salnaməsini özündə əks etdirməklə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik hissinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Onların sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq mühüm işlər görülür.