Xurafat. Xurafatı tanımaq və mübarizə yolları. 1-ci hissə

Müqəddimə.
Xurafatı yaradan səbəb təkcə cəhalət deyil, daha çox nəfsani hisslərdir. Xurafatlar əksər hallarda kommersantlar tərəfindən yaradılır və ya dəstəklənir. Daha təhlükəsi isə bu olur ki, bu xurafatlar o qədər din rənginə bürünür və din tacirlərinin vasitəsilə beyinlərə ötürülür ki, hətta həqiqi dinin özündən daha həqiqi görüntü yarada bilir. Bəzi xurafatlar yüz illərin ərzində kütlənin damarına o qədər güclü işləyir ki, hətta ən azad ruhlu alim belə onlara qarşı açıq formada çıxmağa o qədər də cəsarət etmir və sadəcə sakit və gizli üslubla xurafatla mübarizə aparır. Hətta bəzən özüdə xurafatdan istifadə etməyə məcbur buraxılır. Bəzən iş o səviyyəyə çatır ki, həqiqi bir dini dəyərin önəmi çox-çox azalır, yerinə isə ona alternativ kimi ortaya çıxarılmış xurafat gətirirlir. İllər ötür və beləcə o xurafat artıq həqiqi bir dini dəyər kimi kütlələrin zehnində özünə yuva edir.
Bəs bu xürafatlar nələrdir?
Həqiqi dini xürafatdan necə ayırmaq olar?
Necə edə bilərik ki, maksimum həddə xürafatı tanıya bilək?
Allah izn versə bu barədə hazırladığım silsiləvari məqalələri sizinlə bölüşəcəm.
1-ci hissə.
Xurafat nədir?
Xurafat ağıla və vəhyə (ilahi əmrlərə) söykənməyən əsassız əqidə və fikirlərə deyilir.
Xurafatlar niyə qəbul edilir?
Müasir insanlar xurafatları sadəcə çox rahat və geniş şəkildə yayıldıqları, onlardan öncə böyük kütlələrin bu xurafi işlərə, əqidələrə sahib olduqları üçün  qəbul ediblər. Bu gün xurafatların düz olub-olmaması insanları o qədər də maraqlandırmır. İnsan üçün maraqlı olan budur ki, hər hansı xürafat onun yaşadığı ərazidə çox rahatlıqla qəbul olunmuş əqidəvi dəyərə çevrilibsə bu artıq onu qəbul etmək üçün kifayət edə bilər.  İnsanlığın xürafatlara məhz bu cür yanaşmasını biz lüks əşya bağımlılığı ilə də müqayisə edə bilərik. Əvvəllər insanların böyük əksəriyyəti yalnız ehtiyacları olan malları istehsal edib, sahiblənməyə çalışırdılar. Lüks əşyalara isə yalnız çox varlı insanlar – hökmran təbəqələr sahib olurdular. Lakin kapitalizm sürətlə yayıldıqca lüks əşyalar kütlənin bütün təbəqəsi üçün əldə edilməsi az qala vacib bir hala gəldi. Tarixin ən dəmir qanunlarından biri budur ki, zaman keçdikcə dəbdəbəli həyat, lüks əşyalar zərurətə çevrilir və bu da yeni çətinliklər ortaya çıxarır. Müasir insanın öz həyatını davam etdirməsi üçün həyatının ən önəmli hissəsinə çevrilən bu cür lüks əşyalara azacıq da olsun ehtiyacı olmur. Bəs o zaman niyə əldə etməyə çalışır? Niyə bütün günü ağır işlərdə çalışaraq, öz rahatlığını, vaxtını, sağlamlığını xərcləyərək ona heç bir faydası olmayan bahalı mebellərə, bəzək əşyalarına, qiymətli ev əşyalarına sahib olmağa çalışır? Halbuki, çox sadə və orta qiymətli əşyalar vasitəsilə də öz həyatını rahat sürdürə bilərdi.  Səbəbi isə budur ki, lüks əşyalara sahib olmaq artıq insanlar üçün təbii hala çevrilib ki, insanlar daim özlərinin təsdiqi üçün onlara ehtiyac duyurlar. Bir növ lüks əşyalar artıq insan şəxsiyyətinin keyfiyyətini və onun digərlərindən üstünlüyünü müəyyən edən bir amil kimi qiymətləndirilir. Çox səhv və təhlükəli olsa da belə, lakin təəssüf ki, bu belədir.  Xurafatlar da lüks əşyalar kimi bizim həyatımıza elə daxil olub ki, onlardan istifadə bir növ həyati zəruri amilə çevrilib.
İnsanın buraxdığı bəlkə də ən böyük səhv budur ki, bir şeyin geniş yayıldığını və kütlələr tərəfindən əməl edildiyini, əldə edildiyini gördüyü zaman sorğulamadan və kor-koranə bir şəkildə onları təqlid edir, original dinlə heç bir bağlılığı olmayan və mənasız işləri təkrarlayırlar. Bütün bunlar onlara irad kimi bildirildiyi zaman isə sanki əllərindən ən dəyərli şeylərini alırmış kimi sərt reaksiya nümayiş etdirirlər, həmçinin də qarşı tərəfi kafirlikdə ittiham edirlər.
Ümumiyyətlə dini məsələlərə münasibətlə bağlı insanları iki dəstəyə bölmək olar:
  1. Din adından yayılan bütün hər şeyi sorğulamadan və düşünmədən qəbul edənlər. Məhz bu cür insanların səbəbindən yaranmış xurafatlar çox sürətlə yayılaraq özünə ictimai baza yarada bilir. Qurani-Kərim bu cür şəxslər barəsində Zuxruf surəsi, 20-ci ayədə buyurur:

 – Onların buna heç bir elmi yoxdur. Onlar yalnız yalan ehtimal əsasında danışarlar.

Zuxruf surəsinin 22-ci ayəsində isə isə kor-koranə bir şəkildə öz ata-babalarının düşüncəsinə təslim olanlar təsvir olunur:

– Onlar: “Biz atalarımızı bu dində gördük və bizdə onlara tabe olaraq düz yola yönəlmişik” – deyirlər.

Qurani Kərim İsra surəsində 36-cı ayədə elmi və əqli yəqinliyik olmadan bir şeyin ardınca düşüb getməyi və ya bir işi icra etməyi qadağan edir:

– Elmin olmadığı bir şeyin ardınca düşərək, ona tabe olma! Ondan ötrü (elmsiz, dəlilsiz tabe olduqlarına görə) sorğu suala çəkiləcəklər.

  1. Din adına olan bütün qeybi məlumatları, vəhylə insanlara çatdırılan bütün məlumatları xurafat hesab edənlər, qərəzli mövqe nümayiş etdirib, sorğulamaq bəhanəsilə bütün dini mövzuları inkar edənlər. Məlumdur ki, din adından bir çox xurafatlar yayılıb, amma bu bizə əsas verməməlidir ki, biz məhz bir neçə xurafat səbəbindən bütövlükdə dini, qeybi, metafizik anlayışları tamamilə xurafat hesab edərək rədd edək.
Yuxarıda qeyd etdiyim nə birinci dəstə insanlar və nə də ikinci dəstə insanlar düzgün mövqe tutmayıblar. Düzgün mövqe bundan ibarətdir ki, qərəzsiz bir formada xurafat və həqiqi dini dəyərləri tanımaq və bir-birindən ayırmaq lazımdır. Bunun isə öz yolları və təyinedici hədləri mövcuddur ki, onlar barədə məlumatın olmağı zəruridir.
Bu barədə isə məqalənin sonrakı hissələrində məlumat veriləcəkdir.
Mənsurov Bəşir
oxuyaq.az