Husilər Səudiyyənin Əbha hava limanı və Tihamə elektrik stansiyasını hədəfə alıb

 

Husilər və onlarla müttəfiq olan Yəmən Ordusunun hərbi pilotsuz təyyarələri Səudiyyə Ərəbistanın Əbha şəhərinin hava limanını eləcə də Təhamə bölgəsində elektrik stansiyasını hədəfə alıblar.

 

Oxuyaq.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə qərargahı paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri məlumat verib.

Bildirilib ki, Yəmən Ordusu və “Xalq Komitələri”nin hava qüvvələrinin “Qasif-K2” pilotsuz təyyarələri Səudiyyə Ərəbistanın Əbha şəhərinin hava limanını vurub. Bu hücum nəticəsində hava limanının uçuşları dayanıb.

Əlavə edilib ki, Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənə hava zərbələrinə cavab olaraq, Tihamə bölgəsinin elektrik stansiyası da vurulub.

Husilərin müttəfiqi olan Yəmən SQ-in sözçüsü bildirib ki, Səudiyyə Ərəbistanını hədəfə almaq addımı bu ölkənin və onun hərbi koalisiyasının Yəmənə hücumuna görə atılır.

Qeyd edək ki, Səudiyyə və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir