Bəhanə və təəssüb

“Əslində, insan öz vəziyyətindən xəbərdardır. Nə qədər bəhanə gətirsə də belə!”

(Qiyamət surəsi, 15)

Müqəddəs Quranın bu ayələri bizim özümüzü özümüzə tanıtdırır, bəhanələrimizi kəsir və anladır ki, nə qədər özünüzü bilməməzliyə qoyub, bəhanə gətirsəz də belə əslində bu oyunbazlığınızdan hamıdan yaxşı özünüz xəbərdarsız.
İbn Hişamın “Əs-sirətun nəbəviyyə” kitabında nəql olunur ki, həzrət Peyğəmbərin dövründə üç nəfər – Əbu Cəhl, Əbu Süfyan və Əxnəs adlı adlı-sanlı şəxslər biri-birindən xəbərsiz şəkildə qərara aldılar ki, gecənin qaranlığında heç kəs anlamadan, gizlincə Peyğəmbərin (s) mənzilinin divarının kənarında dayanıb Quran ayələrinə qulaq assınlar. Hər üçü eyni gecədə Quran ayəsini dinləyərkən biri-birini gördülər. Özlərini Quran dinləməyə cəzb olunduqları üçün bərk danladılar və əhd bağladılar ki, bir daha bu işi təkrarlamasınlar. Amma növbəti gecə yenə də Quranın cazibəsi onları Peyğəmbərin (s) evinin ətrafında onun oxuduğu Quranı dinləməyə vadar etdi. Bu dəfə də təkrar rastlaşdılar və səhəri gün Əbu Cəhlin evində toplaşaraq bir daha Qurana qulaq asmayacaqlarına dair and içdilər.
  Bu üç nəfər bədbəxtin daxilində əslində nə baş verirdi? Onlar hər biri özü-özlüyündə gün qədər aydın başa düşürdülər ki, Quran bir həqiqətdir və Həzrət Rəsulallah (s) bu həqiqəti bəşərə çatdıran bir haqq peyğəmbərdir. Lakin bu həqiqəti bilə-bilə özləri-özlərini min bir bəhanə ilə aldadır,  mənasız üzrlər, bəhanələr gətirir və həqiqəti qəbullanmamaq üçün özlərini aldatmağa çalışırdılar.
  Qəribədir ki, insan heç vaxt kimsənin onu aldatmasını, ələ salmasını və onunla oyun oynamasını əsla sevməz, lakin çox vaxt məhz özü-özü ilə çox peşəkarcasına oyun-oynayar, ağlını qane etmək üçün min bir bəhanə gətirər, vicdanın öz-üzərindəki təsirini azaltmaq üçün hiylə dolu varinatları önə sürüb, özünü onlara inanmağa məcbur edər. Türk ədibi Xalid Ziyanın burada qeyd olunası gözəl bir cümləsi vardır: “İnsanlar qəribədir! Pis bir iş görmək istədikdə əvvəlcə mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar”. Alman Yazıçısı Kurt Hess isə deyib ki, dünyada baş verən bədbəxtliklərin tən yarısı həqiqətləri gizlətməkdən və özünü aldatmalardan irəli gəlir. Rus yazıçısı Maksim Qorkinin isə daha dəqiq bir sözü vardır: “Yalnız özünü yalan, azğınlıq, bəhanə və abırsızlıq zirehinə bürümüş şəxs vicdan məhkəməsindən çəkinməz”.
 Çox təəssüflər olsun ki, bu gün bu özünü aldatma oyununda ən aktiv olanların məhz gənclər olduğunu görürük. Sanki bəzi gənclər əllərində minlərlə çox ucuz və sağlam məntiqə zidd olan hazır bəhanələrlə dayanıb gözləyirlər ki, kimsə onları paklığa, təmizliyə, dinə və vicdanlı yaşamağa dəvət etsin və dərhal da onların bəhanə adlı özünü müdafiə sistemi işə düşsün. Mən özüm dəfələrlə şahidi olmuşam ki, hər hansı bir əxlaqsız işi görməyə və ya hansısa bir xanımla, ya bəylə münasibət qurub ondan öz nəfsi üçün sui-istifadə etməyi planlaşdıran bir gəncə nə qədər bu işinin çox səhv olduğunu, insan şəxsiyyətinə yaraşmadığını, cəmiyyətə və mənəviyyata ziyan vurduğunu, bu ləzzətin sonradan peşmançılıq olacağını və bu işin Allahın bəyənmədiyini desəm də, yenə də o yanlış, çürük və dəxlisiz arqumentlər gətirməklə bu işinə bəraət qazandırmağa çalışır. Bəzən də ki, çox çirkin bir işə o qədər hiyləgərcəsinə bəraət qazandırırlar ki, o işin səhv olduğunu isbat etməyə çalışmağa artıq lüzum belə qalmır.
 Biz bu halın məhz ateist və deist gənclər içərisində daha çox olduğunun şahidi oluruq. Dəfələrlə real olaraq qarşılaşdığım bir halı sizinlə bölüşmək istərdim. Təsəvvür edin ki, siz bir ateist, ya deist gəncin sualını cavablandırırsız, lakin üz cizgilərinə diqqətlə baxıqda şahidi olursuz ki, o heç sizə qulaq belə asmır, öz aləmində yeni bir hiyləgər sual axtarır, inad göstərmək üçün bəhanə gəzir. Və çox çəkmir ki, bu nəzəriniz gerçəkləşir və həmin gənc sizin cavabınızı yarımçıq kəsərək mövzuya yad, dəxlisiz və bəzən də gülünc bir iddia ilə fikri yayındırır və yaxudda ən çıxılmaz halda istehza edərək, ələ salaraq mövzudan qaçır.
  Bütün bunlar ondan qaynaqlanır ki, belə gənclər öz hisslərinə nəzarət edə bilməyən, özləri-özlərini aldadan və ötəri ləzzətlərə aludə olub, din vasitəsilə bu ləzzətlərdən məhrum olacağını düşünən şəxslərdir. Problem isə obyektiv yanaşmanın olmamasında, təəsübkeşliklə olunan müdafiədə və düşüncənin yanlış təsirlərin altına düşməsindədir. Ən əsası isə belə insanlar özlərini aldatdıqlarını çox yaxşı bilirlər, məhz bu üzdən aldadılmağa razı olur, lakin eqoistlik və təəssüb səbəbindən min bir bəhanə ilə həqiqəti qəbullanmaqdan qaçırlar. Yanlış olub, lakin yanlış olduğunu bilməyən insana mövzunu düzgün izah etsək o bu düz fikri qəbullana bilir, lakin yanlış olub və yanlış olduğunu elə əvvəldən əla bilən insana nə qədər enerji sərf etsək də düzü anlatmaq olmur. Yəni hər şey sonda qayıdır insanın özünə. İnsanın özü həqiqətə doğru addım atmağı istəmədikcə, bəhanə gətirdikcə, özünü  aldatdıqca bütün dünya yığışıb gəlsə belə bir faydası olmayacaq. Çünki onların qəlbi xəstədir, daha doğrusu bu cür çirkinliyə bəhanələr gətirməklə qəlblərini sağalmaz xəstə ediblər. Ona görə ayə bizə xatırladır ki, elə bilməyin ki, biz sizi tanımırıq. Nə qədər bəhanə gətirsəz də belə həm biz sizi və həm də siz özünüz özünüzü çox gözəl tanıyırsız.
Bəs niyə insan  bu həddə gəlib çatır? Əsas və gizli səbəb nədir?
Bu barədə Allahın izni ilə gələcək məqalələrimizdə…
Bəşir Mənsurov
oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir