Günahın ağır nəticəsi

“Çirkin işlərə bulaşanlar sonda Allahın ayələrini yalan sayıb, onları lağa qoydular”.

(Rum surəsi 10-cu ayə)

Müqəddəs Qurani-Kərimin bu ayəsi bizi bəlkə də həyatın ən ziyanlı təhlükəsindən xəbərdar edir. Bizim çirkin işlərə, yəni günahlara qarşı münasibətimiz və mövqeyimiz yalnız ilahi qadağa şəklində olmamalıdır. Çünki,  günahlar sadəcə ilahi qadağa deyil, günahların qadağa hissəsi günahdan uzaq olmaq barədə adi bir ilahi xəbərdarlıqdır. Günaha qarşı mövqeyimizi qurarkən diqqətli olmalıyıq ki, Allahın təyin etdiyi günah qadağası bizi ləzzətlərdən məhrum etmək üçün deyil. Çünki, həqiqətdə günahda olan ləzzətlər içi hava ilə dolu şar kimidir ki, adi bir tikanın toxunuşu ilə aradan gedər, bəzən də dərdə, əsəbə, ağrı-acıya, rüsvayçılığa çevrilər və günahdan alınan ləzzəti insanın burnundan gətirər.
Biz ən əvvəl günah və bütün çirkin işlərə qarşı bu mövqedə olmalıyıq ki, onlar sanki cüzam xəstəliyi kimidir. Cüzam virusları cismi yeyir, bədənin ətini, orqanizmi tədricən zay edir və insanın eybəcər bir hala düşərək həyatının sonunun gəlməsinə səbəb olur. Günah da eyni ilə cüzam xəstəliyi kimidir ki, insanın ruhunun fəzilətlərini, gözəlliklərini, fitrətin özəlliklərini tədricən yeyir, dağıdır və nəhayətdə səbəb olur ki, insan bütün növ gözəl keyfiyyətlərdən məhrum olur, təmiz bir həyat yaşamaqdan zövq ala bilmir, həyatı zəhərə dönür və ən dəhşətlisi isə bu olur ki, insan həqiqətin, ədalətin düşməninə çevrilir, ali insani dəyərləri, Allahın ayələrin, dinin hökmlərini ələ salır, yalan hesab edir.
Əgər siz Allahın ayələri və dinimizin pak şəxsiyyətlərilə  öz daxilindən gələn bir istəklə mübarizə aparan şəxslərin həyatını diqqətlə nəzərdən keçirsəz şahidi olarsız ki, onlar özlərini ən ağır çirkin işlərə bulaşdıran, açıq-aşkar həyasızlıqla günah edib öz günahı ilə fəxr edən şəxslərdir. Tarixə ən azğın cinayətkar və tiran kimi düşən şəxslər belə heç də əvvəldən azğın olmayıblar. Az və ya çox onların hər birində iman nuru, müsbət insani keyfiyyətlər müəyyən qədər mövcud olub. Lakin davamlı şəkildə, qəsdən etdikləri günahlar, çirkin işlər səbəb olub ki, onlarda bütün növ insani keyfiyyətlər aradan getsin, həqiqətə və həqiqət əhlinə düşmən olsunlar. Bütün bunlar hamısı günahın gətirdiyi təbii nəticələrdir.
Biz günahı və çirkin işləri bir yanar oda bənzədə bilərik. Günahları davamlı etdikcə sanki öz ruhumuzu, insanlığımızı və bütün insani xüsusiyyətlərimizi bu odda yandırırıq. Od necə bioloji həyat əlamətlərini yandırıb, məhv edirsə, günah da eyni ilə o cür həm mənəvi və həm də maddi həyat əlamətlərini məhv edir.
Günah insanın həya, abır hissini öldürür. Həyasız insan isə artıq Allaha, Qurani-Kərimə və dinə qarşı çox cürətli olmağa başlayır ki, bunun da sonu inkar və küfrlə nəticələnir. Belə insanlar ümumiyyətlə doğruluq, şəfqət, səfa-səmimiyyət, etimad kimi yüksək insani keyfiyyətləri dərk edə bilmir və bu kimi keyfiyyətlərə sahib olan  insanları istehza edirlər.
Günaha qərq olan insan öz əxlaqsız nəfsani istəklərini həyata keçirmək üçün öz yolu üzərində qərar tutan, tam sərbəstliyinə və hədsiz azadlığına mane olan bir sıra dini-ictimai qayda-qanunlarla üzləşir ki, bu təzadı aradan qaldırmaq üçün yanlış yolu seçən şəxs daxili meyllərini artıq cilovlaya bilmir və istər-istəməz, ilahi-ictimai qanunları tapdalayır.
Qısacası desək ki, günahın insana sahib olma xüsusiyyəti vardır ki, günah nəfsi təhrik edərək insan azadlığını tamamilə əlindən alıb onu yalnız öz istəklərinə çatmaq üçün idarə olunan bir ruhsuz oyuncağa çevirir ki, o oyuncaq üçün heç bir ali dəyər və müqəddəslik anlayışı qalmır. Hətta məşhur psixoloq Ziqmund Freyd belə insanın qeyd şərtsiz günah etməsini və heç bir ali dəyər, mədəniyyət tanımamasını pisləmişdir. O qeyd edir:
 – “Mədəniyyət  çoxlarının təhrik və nəfsi istəklərinin qarşısını aldığı üçün həmişə ona qarşı mövqe tuturlar, halbuki belə insanların etirazları tamamilə yersizdir. Çünki elmi-nəzəri baxımdan mədəni sivilizasiyanın formalaşması üçün nəfsi istəklərin və bəzi daxili hisslərin qarşısının alınması mütləqdir. Bəşərin birgə yaşayışı təmin edən mədəni-ictimai quruluşun təşkilində mütləq təbii-nəfsani azadlıqlara hədd qoyulmalıdır.”
Sözümüzü isə sonda Həzrət İmam Əlinin (ə) Kumeyl duasında oxuduğu gözəl bir cümlə ilə tamamlayırıq:
     “İlahi! Özü ilə birlikdə cəza endirən günahlarımı bağışla!
      İlahi! Nemətləri dəyişdirən günahlarımı bağışla!”

 

Mənsurov Bəşir
oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir