Kimi tərif edək…? Təqdim və tərif mədəniyyəti.

İstərdim ki, bu gün əksər vaxtlarda səhv istiqamətlərdə və səhv seçilmiş şəxslərə qarşı istifadə olunan tərif və təqdimat adlı dəyər barədə sizlərlə fikir bölüşüm. İlk öncə qeyd edim ki, azacıq belə müşahidə etdikdə şahidi oluruq ki, cəmiyyətimiz və həmçinin müasir dünya məhz bu problemdən – pislərin tərif və təqdimatından yaranmış qarışıq vəziyyətdən çox əziyyət çəkir. Saytlar, xəbər agentlikləri və sosial şəbəkələrdə fəaliyyət göstərən böyük oxucu kütləsinə malik səhifələr biri-birilə sanki yarışırmış kimi cəmiyyətdə baş verən ən iyrənc, insanlığa, əxlaqa, dinə zidd hadisələrin və həmçinin də ziyanlı şəxslər barədə məlumatların cəlbedici bir formada kütləyə təqdimatı ilə məşğuldur. Təqdim olunan informasiyaların böyük faizi mənfi hallara və bu neqativ halların qəhrəmanlarına həsr olunur. Daha faciəlisi isə budur ki, bəzən cəmiyyət üçün çox yararsız və ziyanlı şəxsləri cəlbedici zahiri xoş sözlərlə, təriflərlə bəzəyərək kütlənin zehnində o şəxsin real kimliyindən tamam uzaq bir obraz formalaşdırmağa çalışırlar. Təbiiki bütün bunlar məqsədli şəkildə həyata keçirilir. Nəzərə alsaq ki, müasir dövrdə informasiya ötürən mənbələr insan fəaliyyətinin, demək olar, bütün sahələrini əhatə edir və həyat səviyyəsinin dəyişməsinə öz təsirini göstərə bilirlər. İnternetin sürətli inkişafı isə bu prosesə təkan verir. Virtual məkanda, əsasən də sosial mediada son zamanlar geniş yayılan pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik vasitələr, spirtli içkilər, terrorizm və bəşəriyyətə problem yaradan digər bu kimi məsələlərlə və həmçinin də çox zərərli şəxslərlə bağlı təbliğat xarakterli materiallar insanlara arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətlər aşılaya bilirlər.
Və bəlkə də bu problemin ən dəhşətli tərəfi isə o olur ki, artıq cəmiyyətdə belə bir ümumi düşüncə formalaşır ki, sanki cəmiyyət başdan-ayağa pislərlə, iyrəncliklərlə və cinayətlərlə doludur. Bu tendensiya səbəb olur ki, tədricən tez təsirə malik qalan fərdlərin, xüsusən gənclərin arasında etibar, etimad hissi zəifləyir, inamsızlıq yaranır və psixoloji depressiyalar, özünə qapanmaların sayı çoxalır. Bütün günü gündəmdə olan əxlaqsız, ədəbsiz və çirkin şəxsləri görən gənc düşünür ki, onsuz da bu cəmiyyət yaxşı, vicdanlı, təmiz şəxsləri deyil, əxlaqa və islama zidd olan müəyyən mənfi normativlərə sahib şəxsləri gündəmdə saxlayır, onlar haqqında müzakirələr aparır və onların təqdimatı ilə məşğuldur. Buna görə də əziyyət çəkib müsbət keyfiyyətləri formalaşdırmağa ehtiyac yoxdur. Zatən diqqət və dəyər göstərilməyəcək. Əgər göstərilsə də belə çox zəif və effektsiz bir formada göstəriləcəkdir.
Dostlar, yəqin ki, vicdanlı bir müsəlman və öz cəmiyyətini sevən bir vətəndaş kimi bu kimi hallar sizi də bərk narahat edir. Bəs o zaman çıxış yolu nədir? İcazə verin sizə burada dərs keçməyə çalışaraq hazır çıxış yolu barədə nəsə öyrətməyim. Sadəcə müəyyən bir mövzuya diqqətinizi çəkərək, sizinlə fikir bölüşüm. Müqəddəs Qurani-Kərimlə mütəmadi ünsiyyəti olan şəxslər gözəl bilir ki, Quranın təqdimat və informasiya ötürmək istiqamətində əsas üslub xətti yaxşıların, birincilərin və işıqlı şəxslərin daha çox öndə qalmasını, tanınmasını təmin etməkdir. Yəni Quran daha çox yaxşılardan söz açır, nəinki pislərdən. Qurani-Kərimdə bir bütöv surə rəzil bir şəxs barədə nazil olubsa, doqquza yaxın surə ali insanlığı tərənnüm edən şəxslərin adı ilə bağlıdır. Quran pisləri tənqid edirsə də, lakin yaxşıları pislərdən daha çox və daha geniş bir formada təqdim və tərif edir. Qurani Kərimdə “Münafiqlər” surəsi cəmi 11 ayədirsə, “Möminlər” surəsi isə 118 ayədir. Həzrəti Rəsulallahın (s) qatı düşməni olan Əbu-Ləhəbin haqqında nazil olan surə cəmi 5 ayədir, lakin Həzrət Rəsulallahın (s) öz adına nazil olan surə isə 38 ayədir. Yəqin ki, sizinlə bölüşmək istədiyim mətləb artıq sizə aydın oldu. Qəsdim budur ki, çıxış yollarından ən faydalısı və ən effektlisi məhz Qurani-Kərimin üslubudur. Quran dili ilə desək “haqq gəldi, batil məhv oldu”…
Bu qədər pisin təqdimatının qarşısında biz nə edirik? Bir neçə variant baş verir:
  1. Biz də qoşuluruq o tənqidlərə. Bəzən də təhqir, ifrat tənqid və daha nələr-nələr.
  2. İnciyirik, tükənirik, vicdanımız sızıldayır və sakitcə bir kənara çəkilirik ki, eşitməyək və görməyək.
  3. Təslim oluruq, özümüz də o pislərin bir parçasına çevrilirik və onları artıq biz özümüz də təqdim etməyə başlayırıq.
Bəs uyğun variant necə olardı? Zənnimcə məhz bu cür:
 – Biz öz gücümüzün az bir hissəsini tənqidə və danlağa, daha çox hissəsini isə tanıdığımız yaxşıların təqdim və tərif olunmasına ayırmalıyıq. Eyni ilə Quran kimi…
Bizlər cəmiyyətini düşünən insanları olaraq bu cəmiyyətdə yaxşıların təqdim olunması mədəniyyətini formalaşdırmağa başlamalıyıq. Nəyin bahasına olursa-olsun bu gözəl adət və mədəniyyət kütləvi olaraq formalaşmalıdır. İnsanlar pislərin tənqidi ilə bərabər yaxşıların tərifini də etməyi bacarmalıdılar. Yəni obyektiv olaraq, qərəzsiz bir şəkildə vicdanla baxmalıyıq ki, kimlər bu cəmiyyət üçün faydalıdır. Məsələn, xeyriyyəçi bir şəxsi, ziyalı alimi, zəhmətkeş tədqiqatçını, fədakar vətəndaşı, təqvalı və savadlı ruhanini, qəhrəman hərbiçini, vətəni uğrunda qurban olan şəhidi, tərif və tənqid etmək mədəniyyətinin formalaşması bu gün bizə su və hava qədər vacibdir
  Bəzən isə yaxşı birinin tərifinə mane olan səbəb insanın eqoizmi, təkəbbürü olur. İnsan özünü yaxşıları dəyərləndirməyə, onlara xidmət etməyə məcbur etdikcə həm də öz eqoizmini əzəcək və tədricən təkəbbür adlı bəladan da xilas olacaq. Lakin diqqət etməliyik ki,  təqdimat və tərifdə çox ifrata varıb, şişirtməyə yol verməyək. Obyektiv və dəqiq olaq. Çünki, yaxşıların şişirdilməyə əsla ehtiyacı yoxdur, olduğu kimi təqdim olunsalar kifayət edər. Həmçinin də diqqət etməliyik ki, bu tərif ancaq yaxşı bir şəxsin üzünə qarşı olunaraq yaltaqlıq halına çevrilməsin.
“De: Haqq gəldi, batil məhv oldu”… (İsra, 81)
Ən mühüm olan budur ki, biz haqq olanları önə çıxaraq, onları gündəmə gətirək, nümunəvi tərəflərini, faydalı sözlərini, xeyirxah əməllərini müzakirə edək. Çünki belə şəxslərin şəxsiyyətində bir nuranilik vardır ki, onların təqdimatı olunan yerə də o nur sirayət edəcək. Bu təqdimatlar və təriflər nə qədər çox olarsa cəmiyyətə xüsusi bir səfa və mənəvi bir mühit hakim olacaq. Cəmiyyət yaxşılara qarşı bu qayğı və diqqəti görüb yaxşı, kamil, xeyrixah, elmli, fədakar olmağın dəyərini anlayacaq, daha yaxşı olmaq üçün gənclərdə stimul formalaşacaq. Bütün bunlar kütləvi hal aldıqda isə batil və batili təqdim edənlərin sistemi zəifləyəcək, pislər at oynada bilməyəcək və təsirsiz qalacaqlar. Lakin bu zaman batil istiqamətindən əks hücum baş tutacaq və son silah istifadə olunacaq. Yəni yaxşıları dəyərləndirənləri şəxsiyyətpərsətlikdə, fanatizmdə qınayacaqlar, yaltaqlıq ilə ittiham edəcəklər. Bütün bunlar isə bizi əsla qorxutmasın. Çünki bir müsəlman üçün əsas olan onun biri işi səmimi niyyətlə görməsi və Allahın razılığı naminə etməsidir.
Sadəcə yetər ki, təkəbbürümüzü əzib YAXŞILARI dəyərləndirməyi və cəmiyyətə olduğu kimi təqdim etməyi bacaraq…
Mənsurov Bəşir
oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir