Gizlətməyin estetikası haqda

 

Ən yadımda qaldığı cəhəti kötük kimi susmasıydı. Bəzən düşünərdik ki, adam bu qədər necə susa bilər axı, necə dözər, necə ürəyi partlamaz? Bəzən düşünərdik ki, divardır, dərədir, dağdır… Hiss edərdik, nəyisə var? Amma nəyi? Bilməzdik.

 

Mədrəsəyə ilk gəlişində əlini qap-qara saqqalına sürtüb sizdən öyrənməyə gəlmişəm, dedi. Dönüb mat-mat bir-birimizə baxdıq, düzü, bir az utandıq da, amma o beləydi, ana südü kimi halalımız olan qüsusrumuzu da deməzdi bizə, eləcə baxar, bığaltı qımışardı, gülüşü duruldardı bizi, bir də baxardıq ki, adam olmuşuq.

Onun yanında adam olmaq elə asan idi ki…

O əziz, o dəyərli ustadımız! Bəlkə, o çoxdan unudub bizi, bizsə unutmadıq. Sübh namazlarını gəlib bizimlə namazxanada qılmazdı, qılmazdı, təəccüblənərdik: niyə görəsən? Bu boyda ustadın yuxu problemimi var? Bəs nədir məsələ?… Maraq, son düyməsinəcən bağlanan köynək kimi boğardı bizi, amma…

Bir müddət sonra mədrəsədən getdi. Və getdiyi yerdən bizə məktub yazmışdı:

“Əzizlər! Mənə göstərdiyiniz nəzakət və ali ədəbiniz üçün sizə dərindən minnətdaram; mən müəyyən üzürlü səbəblərdən sübh namazına gələ bilmirdim, tək qılırdım namazımı, evimdə qılırdım, amma sizdən heç biriniz sorğuya çəkmədi məni, tutmadı yaxamdan, “niyə” demədi. Mən hər gün gözlədim bu hesabatı, siz hər gün yanıltdınız məni və nə yaxşı ki, yanıltdınız!”

Bax belə!

Odur, sevirəm “neynim, necə eləyim” nigaranlığını, necə deyim ki, çox incitməsin, necə edim ki, gizlədim, hislərimi cilovlaya bilim, soruşmayım, özünün danışacağı günü gözləyim…

Bunlar, əzizim, Tanrının da sayqı duyduğu müqəddəs narahatlıqlardır, eynən aşağıdakı şeir kimi:

Sabah böyük gün olsa, Gülzar,
hər şeyin üstü qazan qapağı kimi açılsa sabah;
daha gözlərimizi yumub
rahatlıqla gizlədə bilməsək həqiqətləri,
qeybin dili danışsa qəfil,
hər şey gün kimi üzə çıxsa
məsələn, bilinsə ki,
metronun çıxışındakı bu dilənən qadın,
əslində, acmı, toxmu?
Tanrı… əslində, varmı, yoxmu?

Tərəddüdə yer qalmasa sabah
həqiqət – ətəyini külək uçurmuş qadın kimi çılpaq qalsa
gizlədə bilməsə titrək əlləriylə özünü
haqqın məhrəm yerləri görünsə
bilinsə ki, əslində, kimdir zalım, kimdir məzlum!
Kimdir aləmi bir-birinə qatan o naməlum?

Kilidlərə sehirli çubuq toxunsa sabah
bütün qapılarla birgə
açılsa kainatın da iç üzü
bilinsə ki, həyat, əslində, qatildir,
bilinsə ki, şər xeyirdən daha adildir…

Tanrı məst etsə bəndəsini sabah
hamı hər şeyin düzünü danışsa, Gülzar
çənələr taqətdən düşsə
və dillər azadlığa çıxsa;
sirlər partlasa su bəndi kimi
ağızlardan çıxan sözlərin qarşısını almaq olmasa…
hamı ən acı həqiqətini desə,
aləm bir-birinə dəysə…

Sən yenə də, Gülzar,
nə olar,
bir yol tap gizlətməyə,
əslində
məni sevmədiyini….

 

İlqar Kamil

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir