Biz Allaha niyə ibadət etməliyik? (2-ci hissə)

İkinci hissə.

 Məqaləmizin birinci hissəsinin qısa xülasəsi bu idi ki, İslam təlimlərində müəyyən vacib göstərişlər, yəni ibadətlər vardır ki, onlar ruhi və mənəvi təkamülün şərti hesab olunurlar. İnsan bu kamil təlimlərin istifadəsindən məhrum olduqda insanlığın geniş imtiyazlarından da bəhrəsiz qalacaq və yalnız material aləmlə məhdudlaşan naqis bir canlı varlıq kimi yaşayışını davam etdirəcək.

Burada ibadətlə əlaqəli zehnində suallar dolaşan bütün dostlara demək istədiyimiz söz budur ki, bizim ilk öncə ibadətə qarşı baxışımız və yanaşmamız düzəlməlidir. Bu məqaləmizi də də məhz ibadətə olan yanaşmanı düzəltmək üçün hazırlamışıq. İbadətə, dinə olan yanaşma düzəlmədiyi müddət ərzində nə dinin və nə də o dinin vacib etdiyi ibadətlərin bizə nə faydası olacaq və nə də onların əhəmiyyətini anlamış olmayacayıq. Bəzən də ibadətə dindarlar tərəfindən elə bəsit, əlaqəsi olmayan və primitiv izahlar verilir ki, bu da səbəb olur ki, insanlar ibadəti düzgün dəyərləndirə bilmir və ibadət proqramını avam, savadsız insanlara məxsus bir məşğuliyyət növü hesab edirlər.
Bildiyimiz kimi ibadət anlayışı İslam dinin bütün təlimlərinin əsasını təşkil edir. İslam dinin təyin etdiyi ibadət ayinlərinin hamısını diqqətlə incələdiyimiz zaman şahidi oluruq ki, bütün ibadətlər insanın zamanla dəyişməyən sabit əxlaqının tələbi olan pərəstiş istəyinə bağlıdır. İnsan fitrətən pərəstişə meyilli olaraq yaradılıb. Əgər bu meyl özünün həqiqi təminat ünvanı olan Tanrıya zahiri ibadət və mənəvi bağlılıq vasitəsilə ödənilməsə, mütləq həmin pərəstiş hissi insanın özünün və həm də cəmiyyətin ziyanına olan bir məqsəd üçün sui-istifadə olunacaq. Bu gün müşahidə etdiyimiz kütləvi fanatizm və eqoizmin əsas yaradıcısı da məhz Tanrıya qarşı pərəstiş və ibadətdən imtina etməkdir. Qurani-Kərimin Nəhl surəsinin 36-cı ayəsində belə bir göstəriş vardır:
“Allaha ibadət edin və tağutdan çəkinin”.
Bu ayəyə diqqət etsəz görərsiz ki, ayədə Allah olunan ibadət tağutdan çəkinməyin qarşılığı kimi əmr olunub və ya əksinə. Yəni insan yaşadığı bu həyatda bu iki seçim qarşısında mütləq qalacaq və bu iki seçimdən qeyri seçim variantı olmayacaq. Ya öz pərəstiş ünvanı Allaha səmimi bir ibadət edəcək və ya tağuta təslim olaraq, həm öz mənəvi və ruhani potensialını, həm də maddi gücünü zay edərək, əbədi ziyana düşəcək. Tağut isə tüğyan edənlər, həddi aşanlar mənasını verən qeyri-ilahi düzənə verilən addır. Yəni bəşər öz həqiqi ehtiyacını – Allaha olan ibadəti səmimi şəkildə yerinə yetirmədikcə tədricən öz fitrətinin və varlıq aləminin ümumi qanununa zidd gedərək özünü yaradılış hədəfindən məhrum edənlərin dəstəsinə qoşaraq heyvani bir həyat tərzi sürəcəkdir. Tağut adlanan bu şeytani düzən də daima dünyada elə bir sistem, düşüncə forması yaratmağa çalışıb ki, insanlar elə hesab etsin ki, onların Tanrıya, Tanrıya olunan ibadətə, pərəstişə ehtiyacları yoxdur.
İbadətin vacibliyini şərtləndirən bir amil də təzim anlayışıdır. İbadət ritualının tərkibində təzim ünsürü də vardır. Təzim yəni insanın özündən ləyaqət baxımından üstün olan birinin qarşısında göstərdiyi əxlaqi təvazö nümunəsidir. Hər bir insan ümumi əxlaq normalarına əsasən, üzərində haqqı olan insanların qarşısında özünü kiçik, borclu hesab edir. (Qeyd: Burada diqqətli olmalıyıq ki, bu özünü kiçik hesab etmək alçalmaq və hörmətsiz olmaqla əsla bir hesab etmək olmaz.) Məsələn, övladın valideyn qarşısında, tələbənin müəllim qarşısında itaətkarlıq nümayiş etdirib təzim etməsi nəinki pis deyil, tam əksinə etik norma hesab olunur və mədəniyyət göstəricisidir. Məhz bu səbəbdən müqəddəs Qurani-Kərim ata və ana qarşısında təvazökar olmağı İsra surəsi, 24-cü ayədə belə əmr edir:
  “Onların (valideynlərinin) qarşısında mehribanlıqla baş əy və söylə: Ey mənim Allahım, onlar məni körpəlikdə böyütdükləri kimi, Sən də onlara rəhm et”.
Məhz insanın sağlam ağıla əsasən üzərində haqqı olanlara qarşı özünə vacib etdiyi bu təzimin ən son dərəcəsi insanı yaradaraq bütün nemətləri və bədən üzvlərini onun istifadəsində qoyan və insana həyat adlı ən qiymətli bir neməti bəxş edən Allaha olan ibadətdir.
İndi gəlin qərar verək ki, bir halda ki, insan mütləq hər nəyəsə pərəstiş edəcək və bu pərəstiş ehtiyacından yaranan boşluğu mütləq doldurmağa çalışacaq bu halda yaranmış bu təbii boşluq insanın özü kimi fani, zəif və yaradılmış birisinə, yaxud pula, vəzifəyə, dünyəvi hansısa məqama, hər hansı əşyaya olan pərəstiş ilə doldurulsa keyfiyyətli və məsləhətli olar, yoxsa bütün qüdrətlərin fövqündə duran, görünən və hiss olunan hər şeyi yaradan və Ondan üstün heç bir varlıq olmayan uca Allaha olan pərəstiş və ibadətlə?
 Burada qeyd olunması vacib mətləb budur ki, insan hər nəyə  gizli, ya aşkar ibadət və ya pərəstiş edəcəksə mütləq öz insanlığının keyfiyyət həddini məhz həmin pərəstiş etdiyinin səviyyəsilə uyğunlaşdıracaq. Bir futbolçuya, ya bir alimə, ya bir məşhur şəxsə və yaxudda bir vəzifəyə pərəstiş edən şəxs özünün kamilləşmə keyfiyyətini, insanlıq dəyərini pərəstiş etdiyinin sahib olduğu səviyyədə müəyyən edir. Pərəstiş etdiyin hər nədirsə, sən də onun səviyyəsindəsən. Allah insanları özünə ibadətə dəvət etməklə məhz bu məqama diqqətimizi çəkir ki, yəni Allah insanın dəyərini yalnız Özü ilə dərəcələndirir. İnsanın Allaha ibadəti o deməkdir ki, insan yaradılışda olan bütün hər şeyin fövqünə qalxaraq, Allahdan qeyri  heç bir şeyi və heç bir kəsi özünün nəhayət dəyəri hesab etmir. Allah o varlıqdır ki, yalnız Ona olunan ibadət insanı məhdud bir aləmin əsarətindən ayırıb əbədi aləmin sonsuz ləzzət və lütf fəzasında məhdudiyyət olmadan əbədiyyətə qədər seyr etdirə bilər.
İbadət səbəb olar ki, insan elə bu material aləmdə yaşadığı zaman kəsiyində də özünü daima ali qüdrət sahibinin hüzurunda hiss etməklə ziyanlı olan və insanı fəaliyyətdən, inkişafdan saxlayan bütün növ zehni narahatlıqlardan xilas olar və həyatın özündən, yaşamaqdan, var olmaqdan maksimum dərəcədə ləzzət almağa başlayar.
İbadət səbəb olar ki, insan özünü həqiqi gücün və hüdudsuz qüdrətin sahibi olan Allaha bağlamaqla və gücün mərkəzinə doğru mənəvi hərəkət əsasında öz gücünü, imkanlarını, fəzilət və keyfiyyətini artırar.
İbadət həm də səbəb olar ki, insanda cəmiyyətə qarşı təmənnasız fədakarlıq ruhiyyəsi formalaşar, insan artıq dünyəvi dəyərləndirmələrə baş qatıb, özünə özü kimilərdən dəyər və hörmət dilənməz.
Təbiiki burada hörmət və şöhrət xatirinə, pisliklərini pərdələmək üçün edilməyən, səmimi və yalnız Allaha xatir olunan bir ibadətdən söhbət gedir.
Xülasə: Allaha ibadət insanın ən təməl və əvəzolunmaz, alternativsiz bir ehtiyacıdır. Lakin material aləmin quruluşu, dünyəvi düzənin forması, yanlış təbliğat, ziyanlı və aldadıcı təşviqat proqramları səbəb olub ki, insan bu ehtiyacını hiss etməz həddə gəlib çatıb. İnsan yalnız Allaha olunan səmimi bir ibadətlə elə mənəvi potensiallarını aşkar edə bilər ki, nəticəsində həm bu bu dünyada, həm də dünyadan sonra davam edəcək həyatda axtardığı və ən zəruri ehtiyacı olan rahatlığa, hüzura və əbədi ləzzətə qovuşa bilər. Sual verə bilərsiz ki, bəs nədən bütün bunlar üçün ibadət lazımdır, elə ibadətsiz Allah bütün bunları insana bəxş edə bilməzmi? Cavab budur ki, mümkün deyil. Çünki bu insan adlı ən ali varlığın yaradılış formulu ilə tam ziddiyyət təşkil edər. İnsan kimi ixtiyari bir varlığın yaradılışı elə formada təsbit olunub ki, o özü öz ixtiyarı və seçimi ilə öz dəyərini müəyyən etməlidir.
Allahdan sizə və özümə yalnız ONA kamil ibadət etmə diləyi ilə…
Mənsurov Bəşir
oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir