Biz Allaha niyə ibadət etməliyik?

Birinci hissə.

Biz Allaha niyə ibadət etməliyik? Bu ibadətin bizə və Tanrıya nə kimi faydası var? 

Bu və buna bənzər digər suallar tez-tez ateistlər və deistlər tərəfindən inanclı insanlara ünvanlanır. Bu sualları doğuran səbəb hər nə olursa-olsun, əsas olan sualın özünün məna yüküdür ki, biz bu sualda olan məna dərinliyini və maraq hissini nəzərə alaraq bu suala cavab verməyi özümüzə vəzifə bilirik. Çünki bu kimi suallarda olan maraq hissi gerçəyi tapmaq arzusunu, həqiqət eşqini, araşdırma şövqünü hərəkətə gətirən mühüm faktordur. İnsan bu qədər mühüm amili gərək ali və yüksək qayə üçün istifadə etsin. Biz bu sualı yaradan maraq hissini yüksək qiymətləndirir və təqdir edirik.

Adətən sualı irəli sürən şəxslərin zehnində iki haldan birinə görə bu sual formalaşır:

Birinci halda onlar həqiqətəndə ibadətin nə üçün edildiyini, bu ibadətin nə kimi faydası olduğunu, Allahın və insanın bu ibadətdən nə qazandığını bilmək istəyirlər.

İkinci halda isə onlar ibadəti öz eqoist şəxsiyyətlərinə sıxışdırmadıqları üçün, biraz əziyyəti olan bu rituala etiraz, inkar naminə və ibadətin yanlış bir iş olduğunu iddia etdiklərindən bu kimi etiraz, istehza dolu sualları meydana atırlar.

Təbiiki biz burada birinci qism sağlam və qərəzsiz düşünən insanların verdiyi sualı cavablandırmağa çalışacayıq. Ümid edirik ki, digər qərəzli və önyağılı insanlar da bu məqalə ilə tanış olduqda öz qərəzli mövqelərindən əl çəkib ən azından vicdanla düşünəcəklər.

İbadət İslam dinində hər bir ağlı sağlam olan və müəyyən yaş həddinə çatan şəxsə vacib olan bir xüsusi dini ritualdır. İbadətlər hər bir dində mövcuddur və demək olar ki, səmavi dinlərin ibadət formaları fərqli olsa da belə, məqsəd və hədəfləri bir-birinə çox yaxındır. Biz isə bu məqalədə ibadət ayininin vacibliyini, əhəmiyyət və fəlsəfəsini yalnız İslam dinin və ağılın nəzərindən izah etməyə çalışacayıq.

Uca Allah müqəddəs Qurani-Kərimdə buyurur:

 – Mən insan və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratmışam. (Zariyat surəsi, 56)

Bu ayədən aydın olur ki, ibadət  varlıqların yaradılmasının əsas qayəsidir. İlk öncə ibadətin mahiyyətinə qısa şəkildə toxunaq.

İbadət mahiyyət etibarı ilə yaradılanın öz yaradanına olan ehtiyacının ixtiyari formada təzahürüdür. Yəni ibadət insanın ehtiyacı olduğu varlığa qarşı öz ehtiyacını zahir etməsidir. Bu ehtiyacı zahir etməyə insanın özünün fitri bir ehtiyacı vardır. Yəni insan fitrən anlayır ki, onu yaradana qarşı öz ehtiramını, sayğısını və təşəkkürünü xüsusi bir yolla izhar etməlidir.

İnkarçılara bir sual: İnsan var olması və həyatının hər anı üçün asılı olduğu bir həyat mənbəyinə – Tanrıya niyə öz ehtiyacını bildirirərək və ehtiram əlaməti olaraq ibadət etməməlidir ki? Bir halda ki, insanın özünü  bu ibadətə ehtiyacı vardır. Bu barədə isə bir qədər izaha ehtiyac vardır. 

İbadət insanın varlıq aləmindəki yerini anlaması, həddini aşıb özünü məhv etməməsi və öz Yaradanına, insanlığa və yaradılmışlara qarşı təvazökar olması üçün nəzərdə tutulan  ayinlər toplusudur. Səmimi və imanla qarışmış bir ibadət bu gün cəmiyyətdə ən çox ehtiyacımız olan xüsusiyyəti təvazökarlıq ruhiyyəsini yaradır və bəşəriyyətin ən böyük bəlasını eqoizmi, təkəbbürü və yersiz qüruru zərərsizləşdirir və ağıla tabe olunmasına yardımçı olur.

Xüsusi qeyd: İbadət insan ruhunun material aləm donundan çıxaraq ali və əbədi aləmdə hüzura qovuşması, varlığın ali dərəcələrində (din terminologiyasına görə cənnətdə), fövqəl material aləmlərdə ilahi feyzdən istifadə edərək yaşaya bilməsi üçün lazım olan istedadı yaradan ayindir. İnsan kamil və səmimi ibadətsiz ruhunda var olan düyünləri, onunla varlıq aləminin üstün dərəcələri arasında olan pərdələri aradan qaldıra və öz daxili fəzilətlərini, istedadlarını aşkara çıxara bilməz.

İslam dünyasının böyük mütəfəkkiri İmam Cəfər ibn Muhəmməd (ə) belə buyurub:

 – Allah Tövratda belə buyurub: – Ey adəmoğlu, yalnız mənə ibadətlə məşğul ol ki, qəlbinə  zənginlik verim. (“Üsuli-Kafi”, c:2, səh:83)

Bu hədisdən də aydın olur ki, ibadət səbəb olur ki, insan eqoizmin, ibadətsizliyin yaradacağı yoxsul bir mənəviyyatdan xilas olaraq zəngin mənəviyyata sahib olur.

Burada diqqət etməyimiz lazım olan mövzu budur ki, insan ruhu Allahın yaratdığı, özünə nisbət verdiyi ən əzəmətli varlıq və bütün ilahi lütflərin, inayətlərin yetişdiyi ünvandır. Bu ruh isə maddi dünyada maddi bədənlə əlaqələnib, maddi pərdələr vasitəsilə öz mənbəyi ilə əlaqəsi zəifləyib. Ruhun üzərini çoxlu sayda zülmət (maddi) pərdələr örtmüşdür. Bu pərdələrdən ixtiyari olaraq xilas olmaq lazımdır ki, insan heyvani həyatdan qurtulub həqiqi və daha kamil, daha ləzzətli, daha gözəl, daha pak və əbədi bir həyat mərhələsinə daxil olsun. Bunun üçün isə ixtiyari formada, insan öz iradəsi və ağlı ilə onun üçün təyin edilmiş ibadətləri yerinə yetirməlidir. İnsan şəriət tərəfindən öncədən təyin edilən və dəyişməz olan bu ibadətləri yerinə yetirməli və özündən heç nə əlavə etməməlidir. İbadət məhz ruhun üzərinə çökmüş bu pərdələrin bir-bir aradan qaldırılaraq, insanın öz mənbəyinə doğru ucalmasına, ucaldıqca isə öz varlığından və yaradının lütfündən daha çox ləzzət almasına səbəb olur. Misal olaraq deyə bilərik ki, maddi pərdələrə bürünmüş insan ruhunu bir xəstəyə, ibadətləri isə çox savadlı  bir həkim tərəfindən yazılan resseptə bənzədə bilərik. İnsan sağalması və daha sağlam, rahat, dinamik həyat yaşaması üçün bu resseptə əməl etməlidir. Şəriətdə təyin edilən ibadətlər də məhz bu ressept kimi effektiv təsir göstərərək insanı dərəcə etibarı ilə daha sağlam və kamil bir həyat yaşamasına səbəb olur. 

Birinci hissənin sonu. 

Mənsurov Bəşir
oxuyaq.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir