Uşaqlar qaydanı sevirlər, qadağanı əsla !

Əziz valideyn, elə hesab etmə ki, mən sənin övladının ilk müəllimiyəm.

 

Onun ilk müəllimi sənsən. Mən nə qədər vicdan və sevgi ilə çalışsam da ona sənin öyrətdiyindən çox şey öyrədə bilmərəm. O səni izləyir, eşidir, toxunur, hiss edir. Bütün bu duyğular vasitəsi ilə ona nələr ötürdüyü bir düşün. O qeydsiz- şərtsiz sənə tabe olur, dediklərinə inanır və vaxt keçdikcə inandığına çevrilir. Bu çevrilmə proresinin bütün ipləri sənin əlində, dilində, baxışında, səs tonundadır. Ondan düzgün istifadə et. Övladını tanı. Nəyi sevir, nəyi bacarır, özünü nə vaxt xoşbəxt hiss edir. Unutma! Qadağa və qayda eyni şey deyil. Uşaqlar qaydanı sevirlər, qadağanı əsla. Özün uymadığın qaydalara uşağını məcbur edə bilməzsən. Onun örnək götürdüyü şəxs sənsən. Qoyduğun qayda və disiplinə özün də əməl et. Səbrli və davamlı ol. Onu tez-tez danlamaq, tələb etmək, təhqir etmək yerinə nə qədər sevdiyini, ona inandığını və onunla fəxr etdiyini de. Dəyişikliyə özün şahid olacaqsan. Ömür qısadır. An gələr ki, övladımıza sevgimizi ifadə etməyə vaxtımız qalmaz. Dəstək ol amma məcbur etmə. Biz böyüklər özümüz də məcbur qalmağı sevmirik və üzərimizdə təzyiq hiss edirik. Başqasının yanında şeir deməyə məcbur edib, deməyəndə təhqir etmək yerinə bir yaxşıca düşün. Sənə insanların içində dərhal bir şeir de və ya vurma cədvəlini de desəydilər bunu edə bilərdinmi? Əminəm ki, çoxumuz tutulub qalardıq. “Əziyyət çəkib əzbərləyəcəksən” cümləsi iləmən inanıram ki öyrənə bilərsən” cümləsi arasında böyük fərq var. O fərqi gör. Hər uşaq öyrənir. Fərqli şəkildə və fərqli vaxtlarda. Bugün bir uşağın bildiyi məsələni sənin uşağın 1 ay sonra qavraya bilər və bu çox normaldır. Tələsmə və tələsdirmə. Başqalarının yanında qürurlanmaq üçün uşaqdan əsla istifadə etmə. Onu yoran və gücünün çatmadığı məşğələlərə yazdırma və lazımsız bilgilərlə yükləmə. 7 yaşına qədər uşağın xarakteri formalaşır. Əsas vəzifən ona doğru yolu göstərmək və mənəviyyatını zənginləşdirməkdir. Bol- bol oyun oyna. Oyun təsəvvür edə biləcəyindən çox inkişaf etdirir uşağını. Uşaqlığını doya-doya yaşamağına şərait yarat, yoxsa gələcəkdə ağır fəsadları ilə qarşılaşa bilərsən. Duyğular itmir, basdırılır və başqa zamanda daha təhlükəli şəkildə ortaya çıxır. Hər gün yatmamışdan qabaq onunla 10 dəqiqə də olsa söhbət et. Gününüzü müzakirə edin və bir-birinizə xoş sözlər deyin. Çoxlu-çoxlu qucaqlaşın. O sənin balandır. Mən sənin balanı sevirəm, incitmirəm, əmanət kimi baxıram, dəyər verirəm, hörmət edirəm, diqqət edirəm, öyrədirəm, örnək oluram, izah edirəm. O həm də mənim balamdır.

Sən də onu incitmə, dəyər ver, hörmət et, diqqət et, öyrət, örnək ol və SƏBRLİ OL.

 

Pedaqoq Lalə Məhərrəmli

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir