Azərbaycanlıların nöqtə,vergül xəstəliyi – Niyə tələyə düşürük?

“Bizim xalqın mənəvi ruhiyyəsi var. Təəssüf ki, bir çox insanlar da bundan istifadə edirlər. Bir zamanlar “Facebook”da xəstə uşağın şəklini paylaşırdılar, deyirdilər hər qoyduğunuz “like”a görə, “Facebook” 1 dollar ödəyəcək. İnsanlar da yüz minlərlə şərh yazırdılar, bəyənirdilər. Təbii ki, o da bir mif idi”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında  sosial media üzrə mütəxəssis Orxan Rzayev deyib. Onun sözlərinə görə, nöqtə, vergülün  hesabın bağlanmasına heç bir təsiri yoxdur:

“Bu da eynilə  ona bənzər bir şeydir. Bu  nədən qaynaqlanır? “Facebook” və “İnstagram”ın alqoritmi elədir ki, sosial media hesabında nə qədər çox  aktivlik olursa, “like”, “comment” gəlirsə, həmin paylaşım və profillər daha da önə çıxır. Bizim insanlar isə bundan istifadə edirlər. Çoxlu şərh yazılmalı, “like” qoyulmalıdır ki, “Facebook” aktiv hesab kimi görsün. Ona  görə belə bir yola əl atırlar. Başlığı da bu cür  qoyurlar ki, “”Like” edin, şərh yazın ki,  hesabım blokdan çıxsın və ya təhlükə getsin”. Əslində isə onun heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq insanların mənəvi hisslərindən sui – istifadə edirlər. Bu, aktivliyi artırır, bununla da növbəti paylaşımlar daha çox insana görünür”.

Orxan Rzayev dünəndən sosial şəbəkələrdə yaranan problemdən və təhlükəsizlik qaydalarından da danışıb:

“Dünəndən olanlar isə tam fərqlidir. “Facebook”un  özündən qaynaqlanan texniki problemdir. “Facebook”da bloklanma ilə bağlı problemlər getdikcə artır və artacaq. Ona görə ki,  istənilən sosial şəbəkə, platforma gün keçdikcə  təhlükəsizliyi daha çox gücləndirir. Saxta profillərdən platformanı  xilas etmək istəyirlər. Həmçinin başqalarının müəllif hüquqlarını qorumağı, irqi, dini ayrıseçkiliyi, hər hansı problemləri mümkün qədər aşağı salmağa çalışırlar. Buna görə də hər keçən gün qaydalar daha da sərtləşdirilir. Məsələn, filan mövzuda paylaşım edə, filan sözdən, şəkildən istifadə edə bilməzsiz. Texnologiya inkişaf edir, müəllif hüquqları pozulması və ya hansısa diskriminasiya hallarının qarşısını almaq üçün yeni texnologiyalar tapa bilirlər. Əslində “Facebook” “İnstagram”ın qaydalarında  detallı şəkildə nələri etmək olar və olmaz izah olunur. İstifadəçilər adətən bu şərtləri oxumurlar. İstənilən yerdə, istənilən loqolu şəkillər, videolar paylaşırlar. Belə olanda hesab bloklanır. Buna görə diqqətli olmaq, qaydaları oxumaq lazımdır.”Facebook”dan istifadə ediriksə, şərtlərinə riayət etməliyik”.

O.Rzayev şəxsiyyət vəsiqəsiylə qeydiyyatla bağlı bildirib ki, “Facebook” belə hesabı real hesab edir:

“Biri var sadə e –mail-lə qeydiyyatdan keçirsiz,  bu halda profilinizin bağlanması daha realdır. Amma orda e maili, hansısa biznes  kartınızı əlavə etmisizsə, səhifənizdə problem hiss edəndə “Facebook”  sizdən  şəxsiyyət vəsiqəsi və ya hansısa sənəd tələb edə bilər. Onu daxil edəndə “Facebook görür” ki, real şəxsdir, saxta hesab deyil”.

 

Azərbaycanlıların nöqtə,vergül xəstəliyi - Niyə tələyə düşürük?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir