Əngəlli tələbələr üçün xüsusi təqaüd proqramları təsis edilsin – İqtisadçı ekspertdən təklif

İqtisadçı alim Qubad İbadoğlu təklif edib ki, Azərbaycanda əngəlli tələbələr üçün xüsusi təqaüd proqramları təsis edilsin. Bununla əlaqədar olaraq Universitetlərdə müvafiq infrastuktur yaradılsın.

AzEdu.az-ın məlumatına görə, Q.İbadoğlu bu barədə facebook profilində yazıb:

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin açıqlamasına görə, Azərbaycanda sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların sayı 73 min nəfərdir. Onlar üçün sosial müavinətlər aprelin 1-dən 82 manatdan 150 manata çatdırılacaq. Yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü veriləcək. Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait ümumilikdə 200 manat təşkil edəcək.

Onların müavinətinin artımını müsbət qarşılamaqla yanaşı əlaqədar orqanlar qarşısında Azərbaycanda sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların sayının çox olması məsələsini də qaldırmaq istərdim. Çünki ölkəmiz bu göstəriciyə görə MDB-də liderdir. Hazırda ölkə əhalisinin hər 10 min nəfərinə düşən 18 yaşınadək əngəlli uşaqların sayı 75 nəfərdir. Bu katastrofik dərəcədə dəhşətli statistikadır.

İqtisadçı qeyd edib ki, digər vacib məqam həmin uşaqların təhsili ilə bağlıdır:

“Belə uşaqlarla məktəblərdə nadir hallarda, Universitetlərdə isə demək olar ki, qarşılaşmırıq. ABŞ-ın Rutgers Universitetində tədris etdiyim hər 3 kurs üzrə bir neçə əngəlli tələbə oxuyur. Hesab edirəm ki, bu gün onlara dövlətin sosial qayğısı yalnız müavinətlərin artırıması ilə məhdudlaşmamalı, bu sahədə dövlət siyasəti həm də sağlamlıq və təhsil sahələrini də əhatə etməklə genişlənməlidir. Bu sahədə ailə və cəmiyyət də dövlətə yardımını əsirgəməməlidir. Lakin təəssüflər olsun ki, vaxtilə uşaqların reablitasiyası və cəmiyyətə inteqrasiyası ilə məşğul olan onlarla QHT-lərin əksəriyyəti mövcud hüquqi mühitə və tənzimləyici vasitələrin sərtləşdirilməsinə görə fəaliyyətini dayandırdırıb. Bu səbəbdən də ölkədə uşaqlar üçün vacib olan qeyri-dövlət əsaslı sosial proqramlar demək olar ki, həyata keçirilmir.

Bununla yanaşı, təklif edirəm ki, Azərbaycanda Universitetlərində əngəlli tələbələrin təhsilinin təşkili ilə bağlı müvafiq infrasturktur yaradılsın. Eyni zamanda Təhsil Nazirliyi və özəl şirkətlər əngəlli tələbələrin təhsilini stimullaşdırmaq üçün xüsusi təqaüd proqramlarına start versinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir