Pərviz Heydərov: “Neftin qiyməti azalarsa, bu, layihələrin icrasına təsir göstərməyəcək”

Ekspert: “2019-cu ilin dövlət büdcəsi elə tərtib olunub ki, gəlirlərin təminatında neftin qiymətindən asılılıq demək olar ki, yoxdur”

 

Yanvar ayından başlayaraq Azərbaycan hökuməti xeyli sayda sosial xarakterli addımlar atıb. Bura minimum əmək haqqı və pensiya məbləğlərinin artırılmasından tutmuş, 50-dək müavinətin artırılmasına, problemli kreditlər məsələsinin həllinə  qədər çoxsaylı addımlar daxildir. Rəsmi açıqlamalara görə, hökumətin sosial xarakterli qərarlarının icrasına dövlət büdcəsindən 2,2 milyard manat vəsait yönəldiləcək. Bundan əlavə, bir sıra başqa sahələrdə də addımların atılacağı gözlənilir ki, bu qeyd olunan məbləğin daha da artmasına gətirib çıxaracaq.

Bu qədər əlavə maliyyə yükünü üzərinə götürən hökumət onların qarşılanmasında çətinliklə üzləşə bilərmi? Ölkə büdcəsinin formalaşmasında mühüm rolu olan neftin dünya bazar qiymətinin kəskin enişi və hökumətin sosial xərcləri qarşılaya bilməməsi mümkündürmü? Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, adətən sosial xarakterli addımları hökumət ilin ortasında, yaxud ikinci yarısında atırdı: “Yəni artıq dövlət büdcəsinin icra vəziyyəti böyük mənada aydın olduqdan sonra hansısa əmək haqqı artımı və sair addımlar atılırdı. Burada istisna yalnız ilin əvvəlində pensiyaların indeksasiyasına aiddir. Bu il isə sosial artım qərarları ilin əvvəlindən verilməyə başlanıb. Bu qərarlar nəticəsində həm sosial xərclərin büdcədəki çəkisi artacaq, həm də dövriyyəyə 2,2 milyard manatdan yuxarı əlavə vəsait daxil olacaq. Bu baxımdan, artan xərclərin qarşlanması məsələsi istər-istəməz gündəmə gəlir. Biz bilirik ki, büdcəmizin formalaşmasında neftin dünya bazar qiyməti mühüm rol oynayır. Bu şəraitdə neftin qiyməti düşərsə, hökumət büdcənin sosial xərclərini qarşılamaqda çətinlik çəkərmi? Birmənalı olaraq cavabım budur  ki, xeyr, hökumət belə bir problem qarşısında qalmayacaq”.

Ekspert bildirir ki, 2019-cu ilin dövlət büdcəsi elə tərtib olunub ki, gəlirlərin təminatında neftin qiymətindən asılılıq demək olar ki, yoxdur: “Əvvəla, büdcədə bu sosial xərclərin artımı üçün vəsait nəzərdə tutulub. İkinci tərəfdən, son vaxtlar korrupsiyaya qarşı mübarizə, kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılan addımlar sayəsində vergi və gömrük orqanları tərəfindən büdcəyə əlavə gəlirlərin daxil olması təmin edilib. Məsələn,  2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, market şəbəkələrində 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib. Gömrükdə isə sadəcə, malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və bəyan edilməsi, ”kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəticəsində 1 milyard manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bu islahatlar cari ildə vergi qanunvericiliyinə edilən mühüm dəyişikliklərlə daha da dərinləşdirilib ki, bu da büdcəyə əlavə gəlirlərin daxil olmasına imkan verəcək. Üçüncüsü, neftin qiyməti bizim büdcəyə birbaşa təsir göstərmir. Qiymət Dövlət Neft Fondunun gəlirlərinə təsir göstərir. Bildiyiniz kimi, Azərbaycanda dövlət büdcəsinə Neft Fondundan transfertlər həyata keçirilir. Bu il bu transfertin həcminin 11 milyard 364 milyon manat olması nəzərdə tutulur. Hətta qiymətlər kəskin aşağı düşsə belə, bu məbləğin büdcəyə köçürülməsi təmin olunacaq. Bu isə büdcənin cari xərclərini qarşılamağa tam imkan verir. Büdcədə neftin qiymətinin azalması yalnız xarici şirkətlərin ödədikləri mənfəət vergisinin azalmasına səbəb ola bilər ki, bu da cüzi bir paya malikdir”.

Neftin dünya bazar qiymətində kəskin dəyişiklik ehtimalına gəlincə, ekspert yaxınmüddətli dövrdə bunun gözlənilən olmadığı qənaətindədir: “Birinci rüb başa çatmaq üzrədir, neftin qiyməti stabil olaraq 65 dollar ətrafında dəyişir. Birinci rübdə bağlanan müqavilələr hesabına Azərbaycan ikinci rübün bu qiymət həddində gəlirini təmin edib. Faktiki olaraq, bu, ilin birinci yarısı üçün büdcədə nəzərdə tutulan qiymətdən də 5-6 dollar yüksək hədd var artıq. Bununla yanaşı, hətta bundan sonra qiymətlər ən təhlükəli həddə düşsə belə, dövlət büdcəsinin icrası üçün çətinlik olmayacaq. Bu ehtimalı isə mən real hesab etmirəm”.

Yeni Musavat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir