“Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “Kitabevim.az” Kitab Mağazalar Şəbəkəsinin birgə təşəbbüsü ilə təşkil olunan “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” oxu müsabiqəsinin qalibləri mükafatlandırılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Aİİ-nin rektoru Ceyhun Məmmədov belə müsabiqələrin gənclər arasında mütaliə mədəniyyətini formalaşdırdığını, kitaba olan sevgi və marağı artırdığını deyib. O, dərin və hərtərəfli biliyə, praktik hazırlığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşünə və güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi istiqamətində ardıcıl təşkil olunan konfrans, seminar, layihə və proqramların xüsusi rol oynadığını nəzərə çatdırıb.

Rektor qeyd edib ki, institutun əsas məqsədlərindən biri ümumbəşəri dəyərlərə dərindən yiyələnən, ailəsini, Vətənini, millətini sevən, onu daim ucaltmağa çalışan, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik tələbələr hazırlayan ali təhsil ocağına çevrilməkdir.

Müsabiqədə birinci yerin qalibi Aynur Qurbanova 463 səslə 50 AZN, ikinci yerin sahibi Qəzənfər Orucov 380 səslə 30 AZN, üçüncü yerin sahibi Gülüstan Şükürlü isə 355 səslə 20 AZN məbləğində kuponla və “Kitabevim.az” Kitab Mağazalar Şəbəkəsinin müvafiq hədiyyələri ilə mükafatlandırılıb. Aytac Əhmədzadə və Aliyə Tağıyeva isə həvəsləndirici mükafatlara layiq görülüblər.

Xatırladaq ki, “Dinimiz – xalqımızın milli-mənəvi sərvətidir” müsabiqəsi Aİİ-nin rəsmi instaqram səhifəsində təşkil olunub. Müsabiqə dini dəyərlərimizin qorunması, mütaliəyə marağın aşılanması, maariflənmə və oxuma mədəniyyətinin təbliği, zənginləşdirilməsi və inkişafını qarşısına məqsəd qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir