Elm və Din (2-ci hissə)

Elm və Din mövzusunda hazırladığımız ikinci yazımızı sizə təqdim edirik.

Elm və din mövzusunun ikinci hissəsində ilk olaraq qeyd etmək istərdik ki, elmin dini inkar etməsi fikrini heç bir ciddi alim və tədqiqatçıdan eşidə bilməzsiz. Bunu yalnız populizm xəstəliyinə tutulmuş və özünü elmi sahəyə nisbət verən “alimlər” iddia edə bilərlər. Dinin əsaslandığı mənbə yəni Allah irrasional və metafizik sahəyə aid varlıqdır və buna görə də müasir təcrübi elmlərin yəni kimya, fizika, biologiya, astronomiya və digər elmlərin tədqiqat obyekti ola bilməz. İlahi mahiyyətə sahib olan varlıq heç bir maddi təcrübəyə, praktiki müşahidəyə tabe edilə bilmir. Həmçinin Allah maddi sferaya məxsus varlıq və maddi aləmin ekvivalenti deyil. Bir halda ki, Allah və din müasir elmin tədqiqat ünvanı ola bilmirsə, o zaman elm hansı əsasla Allahı və dini inkar edə bilər?

Ümumilikdə götürsək elm Allahın mövcudluğuna və ya inkarına aid mövzularla məşğul olmur. Elm sadəcə öz sahəsinə aid elmi faktlar, məlumatlar təqdim edərək insanı Allah və sirlərlə dolu metafizik aləm barədə düşünməyə vadar edə bilər. Allah dinin mövqeyinə görə materiyanın fövqündə duran və varlıq aləminə məxsus dərəcənin son nöqtəsində qərarlaşmış varlıq olduğu üçün məhdud və praktiki elmin çərçivəsinə sığaraq elmi üslubla nə izah oluna və nə də inkar oluna bilməz.

İndi isə qısa bir şəkildə dinin ümumi tərifini verməyə çalışaq. Qeyd edək din inanc xarakteri daşıyan, imani mahiyyətə malik, ali və qüdrətli ilahi qüvvəyə – Allaha imanla şərtlənən özünə məxsus və əvəzolunmaz bir dünyagörüşü formasıdır. Dinin özünə məxsus etik-əxlaqi normaları, ayin və ibadi ritualları mövcuddur. İslam dinin nəzərində “din nədir?” sualına cavab vermiş olsaq deyərik ki, din Allah ilə insanların və insanlar ilə bütün yaradılmışların münasibətlərini tənzimləyən mənəviyyata əsaslanan ilahi bir sistemdir.

Dinin qısa tərifindən sonra xüsusi olaraq qeyd etməliyik ki, dinin özünün də elm kimi öz prinsiplərini müstəqil formada isbat edə bilmək metodu, özünə məxsus original anlayışları və xüsusi izah etmə sistemi mövcuddur. Din də eyni ilə elm kimi özündəyetərlilik səciyyəvi xüsusiyyətinə sahibdir.

Bura qədər din və elmin qısa izahına çalışdıq və indiyə qədər eşitdiyiniz məlumatları müqəddimə edərək əsas mövzumuza keçid alırıq.

Bəs ateizm niyə elmi dinə qarşı qoyaraq şüurlarda belə bir aldadıcı işartı yaratmaq istəyir ki, guya elm dini inkar edir və ya elm dinə qarşıdır?

Cavab sadədir. Çünki ateizm nə elmi və nə dini əsaslandırılması olmayan, metodoloji çatışmamazlıq yaşayan bir düşüncə formasıdır. Ateizm elmdən metod oğurlamağla və elmi aid olmadığı sahələrdə fikir bildirməyə məcbur edərək özünü təsdiq etməyə cəhd edir. Bu məharətlə qurulan tələyə isə elmin və dinin fərqini bilməyən insanlar çox tez düşə bilirlər.

Ateistlər hər zaman məhdud və ölçüyə gələn maddi bir dünyanı ölçülməz və sonsuz aləm ilə müqayisə edərək, nəticə almağa çalışdılar. Bu sanki kababın dadı ilə, Bethovenin simfoniyasını müqayisə etməyə bənzər gülünc bir müqayisədir. Və yaxudda ateistlər Allahı elmin köməyilə maddi aləmdə axtarmağa çalışaraq, tapmaqdıqları zaman isə sevinib “Allah yoxdur” iddiası edərək böyük bir səhv buraxdılar. Amma ciddi elm əhli heç bir zaman ateistlərin bu səhvini təkrarlamadı. Bu saatın ustasını saatın mexanizminin arasında axtarmaq kimi gülünc bir işdir.

Ateizm insana bioloji bir varlıq kimi tərif verdiyi üçün, elmi yaşam üçün əsas vasitə hesab etdi və insanın mənəvi və ülvi tərəflərini inkar edərək dini dəyərsiz hesab etdi. Dinə qarşı bu qərəzli mövqe səbəb oldu ki, həqiqəti dərk etmək üçün dinin təklif etdiyi metod və üslublardan yan keçildi, bu metodlar yoxlanılmadan dinə yad üslublar, metodlar vasitəsilə Allah inkar edildi.

Qısa və son nəticə olaraq qeyd edək ki, elm maddi, din isə metafizik aləmə aid mövzularda fikir sahibi olduqları üçün biri-birinə zidd hesab oluna bilməz və nə də ateizm elmə əsaslanaraq ilahi qüvvənin mövcud olmadığını təsdiqləyən bir elmi fakt təqdim edə bilməz.
Mənsurov Bəşir
oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir