İblisin Manifesti

 İblis və Minbər

– İşin nə?
– Ucaltmaq.
– Üzərinə qalxanları?
– Səslərini.
– Taxtadan düzəlmiş biri üçün böyük iddia.
– Tanrının nəfəsindən düzəlmişəmsə?!
– İlk kim qalxıb üzərinə?
– Tanrı.
– Məkana, zamana sığmazkən sənimi yurd etdi?
– Gözə dünyalar sığmayıbmı?
– Özünü nə sanırsan?!
– Ərşəm – yerdə qurulmuş ilahi səltənət, fərşəm – müqəddəslərin ayağı altına döşənmiş, dağam – yeri parçalanmaqdan saxlayan, qalxanam – zülmdən qoruyan, nuram – səmaya yüksələn, ulduzam – son mənzilə yol göstərən, rəmzəm – həqiqətlərin yerini nişan verən, tanrılıq məqamıyam – nəfsindən sıyrılanlar yetişməli, mehrabam – zahidlər əyləşməli, qibləyəm – üzlər mənə yönəlməli.
– Mənə görə, meydansan – ən şərəfsizlərə yer verən, yəhudilərin qızıl öküzüsən – sitayiş edilən, qülləsən – kərpici insan kəlləsindən, palçığı laxtalanmış qandan, nərdivansan – nəfsani istəklərə çatdıran.
– Niyə birinci məndən başladın, ey kələk?
– Gözümü açantək ilk səni görmüşəm, ilk və son səni sevmişəm, sənə olub ilk nifrətim, düşmənçiliyim də; oddan yaranmış daha layiq ikən, səni palçıqdan surət tapmış birinə verdilər. Mənim olmayan heç kimin olmamalı… Sənə sahiblənməklə qəlblərə sahiblənərəm, həyat və ölümləri əlimə keçər, dünyaları və sonrası mənim olar. Məni görünməzlikdən çıxaran, hiylələrimi aşkar edən, qarşıma dikəlməyə gücü olan yeganə varlıq – sənsən…
– Qurbansız sevgi ehtirasdır axı, ey biəməl?
– Minbər, sənə görə Yaradanıma üsyan etmişəm, altı min illik ibadətimi, mələklər yanındakı hörmətimi, Ona olan yaxınlığımı, aqibətimi qurban etmişəm…
– Kimlərə minik oldun Yer üzünə enəndən?
– Haqlılar-haqsızlar, Süleymanlar-sultanlar, alimlər-nadanlar, ruhanilər-münafiqlər… İki zümrəyə bölərəm: Əhlim olanlar və qasiblər.
– Qasibi necə seçərsən?
– Sözləri əməllərindən öndə qaçar, danışıqları kin toxumu səpər, insanları qana səsləyər. Nəsihət ona ağır gələr; haqqı deyənə kinli, təbəssümdə xəsis, sözləri bir-birinə tərs, dünən düz bildiyini bu gün səhv sanar, dilində vəhdətsə, əməlində nifaq… ədaləti başqalarına, bütün mədhləri özünə rəva görər, istədiyini almaqda israrçı, alandan sonra unutqan, dünya malına həris, arzuları tükənməz, minbərini qorumaq üçün məsciddə qan tökməyə qadir, tökdüyü qanlara bəraəti hazır: ədalət, din, milli mənafe, sülh… Qanın bəraəti olmaz…
– Yapdığım kündəyə nə qatdığımı mən yaxşı bilirəm: bəyanları məlhəm, əməlləri dərmansız dərd; insanların bəlaları ondan, hər şeyi var, rəiyyətin heç nəyinə həsəd aparar, ətrafına lal-karları toplar…
– İnsanları qasiblərdə nə aldadır, ey ümidsiz?
– Dəlil sanmaq: taqətsizliyi mənəvi iztiraba, göz yaşını eşqə, alında qabarı ixlaslı səcdəyə, gözəl çöhrəni, ağ saqqalı nuraniyyətə, əmmamə və mitranı müqəddəsliyə, bəlağətli nitqi elmə, xirqəni zahidliyə, qılıncı şücaətə, tərəzini ədalətə, haqq sözü pak niyyətə…
– İlk Atalarını aldadıb üzərimdən salan da məhz bu oldu, sadəlövhlük… Yadımdadır, ˝sözlərim sizə faydası olan nəsihətdir, sadəcə˝, – deyib, yalan andla da möhkəmləndirdin. İlk Ata da inandı. Yaradana yalandan kiminsə cürət edib and içəcəyinə inana bilmədi, ey qəlblərə pıçıldayan… Dərdi… Düşdü.
– Bəli, minbər! Övladlar eynən atalar, hiyləm həmin hiylə, hər günah ilk günahın təkrarı. Hər gün dərir, yeyir, qovulur, düşürlər… Ancaq bir yerdə yanılırsan. Atanı uzaqlaşdıran etimad və etimadsızlıq idi.
– Kimə etimad, kimə etimadsızlıq?
– Yaradanına ikinci, düşməninə birinci.
– Niyə belə olur?
– Etimadsızlıq – qadağanın istəklə zidd olduğunu görəndə, etimad –istəklərin cilovunu boşaltmağa icazə verəndə. Mən İlk Ataya ürəyinə yatan vədlər verdim, Allah isə xeyrinə olan.
– Ey təkəbbürlü, sən insanların hamısını azdıracağına and içdin.
– Mən sadəcə qaranlığa, görmədiyim hədəfə bir ox atdım. Gümanımı təkəbbürlü, təfəkkürsüz heyvanlar doğrultdu…
– Ey təkəbbürlü, sən insanların hamısını azdıracağına and içdin.
– Mən sadəcə qaranlığa, görmədiyim hədəfə bir ox atdım. Gümanımı təkəbbürlü, təfəkkürsüz heyvanlar doğrultdu… Özün de, üzərinə daha çox kimlər qalxar?
– İkiüzlülər…
– Sən də qarşılarında əyilirsən, ikiüzlü minbər.
– Güclü küləklər sünbülü hərəkətə gətirər, bəzən əyilər, bəzən dikələr. Beləcə, toxumlarını ətrafa səpər. Qamətli ağac tək dik dayansaydı, tezliklə kökündən qopardı.
– Sən qəddini düzəldir, pillə-pillə ucalırsan. Bu zaman üzərindəkinin düşmə qorxusunu artıraram, daha bərk tutunmağa çalışar. Sənə sahibləndirərəm, itirmə qorxusu artar… İki sual çox düşündürər məni: bir kiçik minbər üçün min pilləli olmaq nəyə gərək?
– Düşmənlərim min pillə sanar, adım onları müştəbeh etmiş, ey künhə varmaz. Mənim bir pilləm var – nəfs.
– Bəs bu müsafirlərdən hansı biri üzərinə çıxanda belin qırılır, qamətin əyilir, ey köçəri yatağı?
– Cahil müqəddəs, zalım sultan, əməlsiz vaiz. Birinci insanların dinini, ikinci dünyasını, üçüncü isə hər ikisini hədəfə alar.
– Üçüncülər mənim ən sevimlilərimdir.
– İnsanlar arasında sözləri ilə məlum, əməlləri ilə məchuldurlar. Daha elmlisi olduğu halda insanları özlərinə tərəf çağırar, ilğım olduqları halda sirab edəcəklərinə inandırarlar. Peyğəmbərə itaətdən danışar – məqsədi özüdür, namaz-orucu adət, dindən danışması peşədir. Dili ilə sınaya bilməzsən, keçməz, sədaqətdə yoxlaya bilməzsən, xain çıxar, ˝kiçiyinizəm˝ deyib, özünü böyük sayar, Kitaba dəvət edər, adı bilinməz, haqqı kitabından öyrəndiyini deyər, hərfləri tanımaz…
– İkincilər sürətli qaçan atlarımdır.
– Rəiyyətin içində olmaz, sükutlarını bəyanlarından üstün bilər, yalan nəfəsləri olar…
– Birincilər avamı tovlamaq üçün tələdəki yemlərimdir.
– Nağıl danışar, yuxu yozar, ağılın gücünü kəm bilərlər. Belə bir məmləkətə bəla niyə gəlməsin?!
(Ardı var…)

 

Rövşən Abdullaoğlu

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir