Depressiyaya niyə düşürük?

Depressiyanın müalicəsində yeni yollara ehtiyacımız var

 

Ekspertlər indi milyonlarla insana təsir edən nasazlığın sosial və ekoloji səbəblərini axtarırlar.

21-ci əsrin başlanğıcında Derek Summerfield adlı Cənubi Afrikalı psixiatr Kambocada partlamamış torpaq minalarının psixoloji təsirləri ilə bağlı tədqiqatlar aparırdı – həmin vaxt kimyəvi antidepresantlar ilk dəfə ölkədə bazara çıxarılmışdı.

Yerli həkimlər bu dərmanlar haqqında çox şey bilmirdilər, beləliklə, onlar Summerfield-dən dərmanlar barədə açıqlama istədilər. Summerfield danışıb qurtardıqda, onlar bu yeni kimyəvi maddələrə ehtiyac olmadığını bildirdilər – çünki onların artıq antidepresantları vardı. Çaş-baş qalmış Summerfield həkimlərdən açıqlama istədi. Summerfield gözləyirdi ki, onlar bəzi yerli bitki mənşəli vasitələr barədə danışacaqlar. Bunun əvəzində, həkimlər ona tamamilə fərqli bir şey haqqında danışdılar.

Həkimlər Summerfield-ə müalicə etdikləri bir fermerin hekayəsini nəql etdilər. O, su ilə örtülü düyü sahələrində çalışırdı; bir gün mina sahəsinə addım atır və ayağı minaya düşür. Fermer süni ayaqla təchiz edilir və vaxtında işə geri dönə bilir. Amma süni ayaq su altında olduqda işləmək çox ağrılı olurdu və travma səhnəsini xatırlamaq onu çox narahat edirdi. Fermer ciddi depressiyaya düşdü.

Beləliklə, həkimlər və fermerin qonşuları birlikdə oturub onunla həyatı və çətinlikləri barədə danışdılar. Yeni süni ayaq ilə belə, onun köhnə işinin – çəltik sahəsində işləmək – çox çətin, mütəmadi stress altında və fiziki ağrı içində olduğunu, habelə bu şeylərin onu yaşamağı dayandırmaq istəyi ilə birləşdirdiyini başa düşdülər. Fermerin həmsöhbətlərinin bir ideyası vardı.

Onlar fermerə südçü kimi işləməyi təklif etdilər. Bu iş onun saxta ayağını daha az ağrılı stressə məruz qoyacaq və onda daha az narahatedici xatirlərə səbəb olacaqdı. Onlar inanırdı ki, fermer bu dəyişikliyə qüsursuz şəkildə uyğunlaşa bilərdi. Nəticədə, onlar fermerə bir inək aldılar. Aylar və illər keçdikcə, fermerin həyatı dəyişdi. Onun depressiyası bir vaxt əsaslı şəkildə aradan qalxdı. Kambocalı həkimlər Summerfield-ə dedilər: “Görürsən, doktor, inək analjezik və antidepresant oldu“.

Vaxt ötdükcə, belə bir fikrə gəldim ki, Cənub-Şərqi Asiyadakı, ilk əvvəl sadəcə xeyirxahlıq və son dərəcə “yad” kimi səslənən bu kiçik səhnə əslində saf bir formada perspektivdə çoxumuzun etməsi gərəkən dəyişikliyi təmsil edir – əgər mədəniyyətimiz boyu qatı qatran kimi yayılan depressiya, narahatlıq və ümidsizlik epidemiyasının öhdəsindən gəlməkdə tərəqqiyə nail olmağa hazırlaşırıqsa.

Bu, yalnız beynin kimyası ilə əlaqəli deyil

30 ildən çoxdur ki, depressiya və narahatlıq barədə bir əsas kollektiv hekayəmiz var. Yeniyetməliyimdə həkimə getdikdə və qüssənin pis bir qoxu kimi, kontrolsuz şəkildə məndən töküldüyünü dedikdə, o mənə bir hekayə danışdı.

Həkim bildirdi ki, depressiya beyində serotonin adlanan kimyəvi bir maddənin spontan əksikliyindən qaynaqlanır və serotinin səviyyəsini normal səviyyəyə qaldırmaq üçün bəzi dərmanlar qəbul etməliyəm. Bu məqaləni yazmamışdan bir neçə gün əvvəl, mənə ilk diaqnoz qoyulduğu zaman olduğum yaşdan çox da böyük olmayan yaxın qohumlarımdan birinin gənc dostu həkimə getdi və depressiyadan qurtulmaq üçün yardım istədi. Həkim ona beynində dopamin problemi olduğunu dedi. İyirmi ildə dəyişən tək şey sadəcə kimyəvi maddənin adıdır.

Bu hekayənin versiyalarına on ildən artıq inandım və təbliğ etdim. Lakin yeni kitabım (Lost Connections) üçün depressiya və narahatlığın səbəblərini araşdırmağa başladığım zaman, aparıcı elmi təşkilatların bu yanaşmanın elmin yanlış oxumasına əsaslandığını bildirən fikri ilə rastlaşdım və çox təəccübləndim. Depressiyaya tövhə verən real bioloji amillər var, lakin onlar bütöv hekayəni təşkil etməkdən çox uzaqdırlar.

Ruh sağlamlığı sosial şəkildə meydana gəlir: Ruh sağlamlığının olması və ya olmaması hər şeydən öncə ictimai göstəricidir və buna görə də sosial, eyni zamanda individual həllər tələb edir” –dünyanın aparıcı tibb orqanı olan Dünya Səhiyyə Təşkilatı 2011-ci ildə belə açıqlama vermişdi. Birləşmiş Millətlər Təşkilatının sağlamlıq hüququ üzrə xüsusi məruzəçisi, ruh sağlamlığı üzrə dünyanın aparıcı ekspertlərindən biri olan Dr.Dainius Pūras ötən aprel ayında “depressiyanın dominant bio-tibbi hekayəsinin” “tədqiqat nəticələrinin qərəzli və seçici şəkildə istifadə edilməsi”nə əsaslandığını bildirmişdi.

“Təəssüflər olsun ki, son onilliklər depressiya və intiharın qarşısının alınması da daxil olmaqla, psixi sağlamlığın həddindən artıq medikalizasiyası və bio-tibbi müdaxilələrin aşırı istifadəsi ilə yadda qalmışdır” – Pūras bildirmişdir. Onun fikrincə, dərmanların müəyyən bir rolu olsa da, biz onların istifadəsini “sosial problemlərlə yaxından əlaqəli məsələlərin həllində” dayandırmalıyıq.

Əvvəlcə, belə açıqlamalar beynimi qarışdırdı: bunlar mənə deyilən hər şeyə qarşı idi. Bu səbəbdən, amiş icmaları da daxil olmaqla, Klivlenddən San Pauloya qədər mədəniyyətimizdə ümidsizliyin ən pis olduğu və ümidsizlik səviyyəsinin ən az olduğu yerlərdə həqiqətən nə baş verdiyini başa düşmək üçün bu suallar barədə dünyanın aparıcı alimləri ilə görüşlərə üç ilimi sərf etdim. Mən 40.000 mil qət etdim və kollektiv depressiyamızın ən dərin səbəblərinə daldım.

Elm adamları arasında depressiya və narahatlığın üç növ səbəbi olduğu barədə geniş razılaşma olduğunu öyrəndim və onların hər üçü depressiyalı və narahat adamlarda müxtəlif dərəcələrdə özünü göstərir. Səbəblər bunlardır: bioloji (sizin genləriniz kimi), psixoloji (özünüz barədə nə düşünürsünüz) və sosial (birlikdə yaşadığımız daha geniş yollar). Çox az adam bununla razılaşmır. Lakin ictimaiyyətlə ünsiyyət və yardım təklif etmək bəhs mövzusu olduqda, psixoloji həllərə getdikcə laqeyd qalınır və ekoloji həllər, demək olar ki, tamamilə gözardı edilir.

Kimyəvi antidepresantlar barədə qızğın mübahisəli tədqiqatlar

Bunun əvəzində, biz biologiyaya fokuslanırıq. İlk və adətən son yardım mənbəyi kimi bizə dərmanlar təklif olunur və biz dərmanlar təklif edirik. Bu yanaşma yalnız kiçik nəticələr verir. Mən kimyəvi antidepresantlar qəbul etdikdə, qısa müddətli rahatlıq hiss etdikdən sonra, depressiya qayıtdı və yanlışlığın özümdə olduğunu fikirləşdim. Araşdırmamda bir çox tədqiqatçının antidepresantla bağlı məlumatları analiz etdiyini və onların effektivliyi ilə əlaqədar çox müxtəlif nəticələrə gəldiklərini öyrəndim. Lakin bütövlükdə dəlillərə baxdıqda, ən yaxşı ehtimalla, qismən bir həllin olduğu nəticəsinə gəlmək çətin deyildir.

Depressiya adətən Hamilton Depressiya Ölçmə Şkalası adlanan və həkimlər tərəfindən tətbiq edilən 17 maddəlik test ilə ölçülür; sıfır xal narahatlıq simptomları olmadığını bildirir, 52 xal isə tamamilə zəiflədici bir epizoda işarə edir.

Kimyəvi antidepresantları ən güclü şəkildə dəstəkləyən tədqiqatlar göstərir ki, onları istifadə edən insanların təxminən 37 faizi Hamilton xallarında, əlamətlərdə tam şəkildə geriləmə ilə nəticələnən, mühüm bir dəyişiklik keçirir. Müalicəyə müqavimət göstərən hallarda terapiya və digər müdaxilələr bu dərmanlara əlavə olunduqda və ya onların yerinə istifadə edildikdə remissiya (geriləmə) dərəcələri daha da artmışdır.

Bununla belə, digər tədqiqatçılar, eyni məlumat dəstinə baxdıqda, agah oldular ki, uzun zaman zərfində, araşdırmada iştirak edən pasientlərin 10 faizindən daha azı – yeri gəlmişkən, bunlar depressiyalı orta amerikalının öz həkimindən ala bildiyindən daha çox dəstək alanlar idi – bir ilə qədər davam edən tam geriləmə yaşamışdır. Bunu oxuduqda, öz şəxsi təcrübəmlə çox yaxından uzlaşdığını heyrət içində gördüm: ilk olaraq böyük irəliləyiş vardı, bununla belə, sonda depressiya geri qayıtdı. Bu dərmanları qəbul etməyimə baxmayaraq, depressiyaya tədricən geri döndüyüm üçün özümün qeyri-adi (qəribə) olduğumu düşünürdüm, lakin məlum oldu ki, mən tamamilə normal olmuşam.

Kansas Universitetində psixologiya professoru olan Stiv İlardi (Steve Ilardi), kimyəvi antidepresantlar haqqındakı araşdırmanı, email vasitəsilə, bu cür xülasə edir: “Depressiv fərdlərin sadəcə təxminən 50 faizi antidepresantlara ilkin pozitiv reaksiya verir (və sadəcə 30 faizi tam geriləmə əldə edir). Antidepresant qəbul edən bütün bu depressiv fərdlərin sadəcə kiçik alt-dəsti – 5 ilə 20 faiz arasında təxmin edilir – tam və uzun müddətli geriləmə yaşayacaqdırBaşqa sözlə, dərmanlar bir qədər rahatlıq təmin edir və buna görə də real dəyərə malikdir, lakin böyük əksəriyyət üçün onlar kifayət deyil.

Harvard Tibb Məktəbində dərs deyən psixologiya professoru İrving Kirş (Irving Kirsch), əvvəlcə kimyəvi antidepresantların tərəfdarı idi, lakin sonra bu məlumatları, xüsusən narkotik şirkətlərinin ictimaiyyətdən gizli saxlamağa çalışdığı məlumatları təhlil etməyə başladı. Onun tədqiqatı nəticəsində, kimyəvi antidepresantların plasebo effektindən yüksək, Hamilton şkalasında orta hesabla 1,8 xal dəstək təmin etdiyi məlum olmuşdur. Bu, bəzi təxminlərə görə, yuxu nizamınızı yaxşılaşdırmağın təmin etdiyi dəstəyin üçdə birindən azdır.

Kirş, The Lancet-də bu yaxınlarda nəşr olunmuş bir tədqiqata və onun artıq bildiyimiz və hər kəsin razılaşdığı bir şeyi təsdiqlədiyinə diqqət çəkir: kimyəvi antidepresantlar plasebodan (vikipediya: Plasebo effekti – psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti – tərc.) daha çox təsirə malikdir. Daha vacib suallar isə bunlardır: nə qədər, hansı müddət üçün?)

Və Kirşdən daha az skeptik insanlar belə, bu əlverişsiz fakta diqqət çəkir: antidepressiya reseptlərinin 1980-cı illərdən bəri 500 faiz artmasına baxmayaraq, cəmiyyət miqyasında depressiya nisbətlərində nəzərəçarpan azalma müşahidə edilməmişdir. Bizə təklif olunan rəsmdə açıq şəkildə çox əhəmiyyətli bir şey əksikdir.

 

bilge.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir