Biznes kitablarını oxumağın 5 yolu

Kitablarla ömürlük sevgi hekayəm mən hələ kitab oxumağı öyrənməzdən əvvəl başlanıb. Mənim ilk kitablarım Çəkməli pişik, Pinokio və Kiçik su pərisi kimi şəkilli nağıl kitabları idi. Daha sonra bunların yerini digər Azərbaycan, Rus və xarici nağıllar tutdu. Sonra ibtidai sinif dərslikləri, oxu materialları, yeniyetmə ədəbiyyatı, universitet dərslikləri, romanlar, biznes ədəbiyyatı…

Böyüdükcə ehtiyaclarım dəyişdi, təbii ki, kitab seçimim də. Mən dərslər, idman, əyləncə, sosial həyat, ailə, iş və kitab oxumaq kimi çoxlu sayda artan mübahisəli prioritetlərin balansını qorumalı idim. Artıq fəaliyyətin zövqlü olması ilə kifayətlənə bilməzdim, qısa müddət ərzində oxuduğum hər kitabdan maksimum praktiki fayda almaq istəyirdim.

Beləliklə, oxumaqda “əyləncə + fayda” formulasına üstünlük verməyə başladım.

Bu gün mən sizinlə biznes kitablarını oxuyarkən maksimum fayda əldə edə biləcəyinizi göstərən 5 əsas sirri bölüşmək istəyirəm. Bunlar elmi olaraq sübut olunmuş faktlar deyil. Bu məsləhətlər mənim biznes ədəbiyyatı dünyasına şəxsi səhayətimə əsaslanır. Ümid edirəm, bu məsləhətlər ömürlük bilik axtarışınızda sizin üçün faydalı olacaq.

1. Kitabı oxumaq üçün üç hədəf müəyyən edin. Bunu necə edəcəyinizi bilmirsiniz? O zaman növbəti suallara cavab verin. Nəyə görə məhz bu kitabı seçmisiniz? Kitabı bitirdiyiniz zaman nəyə nail olmaq istəyirsiniz? Əldə etdiyiniz bilik ilə nə kimi problemləri həll etməyi planlaşdırırsınız?

Məqsədlərinizi bir vərəqə və ya telefonunuza qeyd edin və kitabı oxuduğunuz müddətdə tez-tez qeydlərinizə üz tutun.

Dünyaca tanınmış marketoloq Set Qodin bunu belə izah edir: “Kitabı oxumağa başlamazdan əvvəl qərara alın ki, gündəlik gördüyünüz işlərdə 3 şeyi dəyişəcəksiniz. Oxuduğunuz zaman bu 3 addımı tapın və həyata keçirin.”

2.Kitabı bitirmək məqsədilə deyil, anlamaq məqsədilə oxuyun. Yaxşı kitab təzə sıxılmış nar şirəsi kimi qatılaşdırılmış biliklə zəngindir. Bir gedişdə hamısını içmək sizin mədəniz üçün təhlükəlidir. Onu qurtum-qurtum (səhifə-səhifə) için və həzm olunması üçün bir az vaxt verin.

Əslində, bu gün oxuyub qavraya bilmədiyiniz bir hissə sonrakı gün sizə tamamilə aydın ola bilər, çünki siz onu anlamaq üçün beyninizə daha uzun bir vaxt verirsiniz. Bu Oakland Universitetinin mühəndislik fakültəsinin professoru və “Öyrənməyi öyrənmək” adlı, dünyada ən populyar onlayn kursun müəllifi Barbara Oakleyin “Google” şirkətinin əməkdaşlarına mühazirəsində bəyan etdiyi fikirdir.

3. Qeydlər aparın. Əlinizə bir qələm və dəftər götürün və xoşladığınız, razılaşmadığınız, faydalı hesab etdiyiniz və başa düşmədiyiniz hissələri qeyd edin. Cümlələri rəngləyin, sözlərin altından xətt çəkin, rəqəmləri dairəyə alın. Köhnə dəbli üsul sizi qane etmirsə, telefonunuzdan və ya fərdi kompüterinizdən istifadə edin. İndi mən yeni bir kitab oxumağa başladığım zaman telefonumda qeyd səhifəsi açıram və irəlilədikcə orada qeydlərimi aparıram.

Sevimli sitatınızın şəklini çəkin və onu Facebook və ya İnstagramda paylaşın. Hətta bunun üçün bir “app” də var – Kvotter. Sınayın.

4. Kitabı başdan sona düzxətli oxumayın. Kitabların başlığı, ortası və sonluğu olduğu məlumdur, ancaq heç kim sizə onları sıra ilə oxumalı olduğunuzu demir. Biznes ədəbiyyatı detektiv romanı deyil – qatili vaxtından əvvəl kəşf edib kitaba olan marağınızı öldürməyəcəksiz.

Vaxtın idarə edilməsinə həsr olunmuş, “18 dəqiqə” adlı bestseller kitabın müəllifi Piter Breqman təklif edir ki, kitaba müəllifin tərcümeyi-halı ilə başlayın, sonra mündəricat, giriş sözü, və son sözə keçin, ardınca hər fəsildən bir neçə paraqraf və ya səhifə oxuyun və axırda bir daha mündəricata üz tutaraq kitabı tamamlayın.

Bu tərzdə oxumağın faydasından danışaraq Breqman deyir: “Zehniniz hər zaman oyaqdır. Kitabı bir bütün olaraq görə bilərsiniz. Sadəcə oxumursuz, anlamağa çalışırsınız.”

5. Biliyinizi başqaları ilə bölüşün. Bu hissə sonda gəlir, ancaq mənim ürəyimə ən çox yatandır. Mən həqiqətən inanıram ki, bilik gərək çoxlu sayda kanallarla mümkün qədər çox insana yayılsın. Fərq etməz, cədvəlim nə dərəcədə doludur, həftədə ən azı iki saat vaxt tapıram ki, bir universiteti ziyarət edim, bir tədbirdə iştirak edim, və ya öz videomu sosial mediada paylaşım. Hamısı bir məqsədə qulluq edir – biliyi paylaşmaq.

Bu həm də kitabdan öyrəndiklərinizi yadda saxlamağın ən effektiv üsuludur. Eyni zamanda, materialı nə dərəcədə mənimsədiyinizi ölçməyin da yaxşı vasitəsidir. Universitetdə mənə dərs demiş bir professorun sözlərilə desək: “Əgər bir şeyi nənənə izah edə bilmirsənsə, deməli onu başa düşməmisən.”

Məndən bu qədər.

Bəs siz nə düşünürsüz? Hansı kitab oxumaq texnikası sizə daha faydalı gəlir? Bu məqalənin altında şərh yazaraq öz fikirlərinizi bildirin.

Sizə xoş mütəliə arzu edirəm!

 

Rashad Bayramov

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir