Elm və Din (1-ci hissə)

Məqaləmizə başlıq olaraq məhz bu suallı seçmək istərdik: – Elmin Allahı inkar edəcək qədər səlahiyyəti varmı?

Əziz dostlar, son zamanların ən aktual mübahisələrindən və müzakirə mövzularından biri də məhz elmin dinə qarşı olması məsələsidir. Təəssüf ki, elmin və dinin funskiyasının nədən ibarət olduğunu bilməyən materializm məktəbinin davamçıları tərəfindən tez-tez “elm dinə ziddir” kimi ümumi və əsassız ifadələrlə rastlaşırıq. İlk önzə bizim qeyd etməyimiz lazım olan məsələ elmin funksiyasının və tərifinin nədən ibarət olmasını açıqlamaqdır.
Akademik düşüncədə elmin tərifi barədə ən məşhur nəzər budur ki, elm emiprik sensualdır, yəni praktiki üsluba sahibdir, mövzuları konkretdir və mövcud materiyanı öyrənir. Elm obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Elmin funksiyası isə elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanmasını təşkil edir.
Materiya və obyektiv maddi aləmə aid olmayan yəni metafizik və irrasional mövzular emprik sensual elmin tədqiqat obyekti ola bilməz. Biz praktiki elmin sayəsində ətrafımızda və kainatda baş verən əsas proseslərin necəliyini, səbəbini izah edə bilir və külli miqdarda informasiyaya sahib ola bilirik.
– Elmin kainatın öyrənilməsindəki rolunu inkar etmək nadanlıq olar, lakin orta əsrlər kilsə aparatı kainatın öyrənilməsində elmi bir kənara qoymağa çalışırdı. Bu isə elmi inkişaf nəticəsində cəhalətə bürünmüş dini sistemin çökməsinə səbəb oldu.
Burada qeyd edəcəyimiz mühüm qeyd bundan ibarətdir ki, din elmin və həmçinin də elm dinin antipodu yəni əks təzahürü deyil. Elm və din biri-birindən kəskin fərqlərlə ayrılmış iki sahəni təmsil edirlər. Lakin bu iki sahə arasında mütəmadi əlaqə körpüləri mövcuddur ki, bu da elmin dinə, dinin isə elmə müraciət etdiyinin göstəricisidir.
Lakin elmi materializm məktəbinin ardıcılları tərəfindən iddia olunur ki, düzgün idrakın yeganə mənbəyi təcrübə metodu ilə qavranılmış həqiqətlərdir və həmçinin də materiya və yaxud enerji kainatın yeganə fundamental reallığıdır. Bu təlimlərdə irəli sürülən ön fərziyyə bundan ibarətdir ki, “varlıq yalnız təcrübi elm vasitəsilə izah edilə bilər”. Materialistlər məhz bu səbəbdən hesab edirlər ki, varlığın bütün növləri məhz fizika və kimya qanunları ilə izah oluna bilər.
20-ci əsrin əvvəllərinə məxsus əsas cərəyanlardan olan məntiqi pozitivizm dünyagörüşündə də yalnız təcrübə ilə təsdiq və ya rədd edilə bilən idrak mənalı və düzgün idrak adlanırdı. Məhz buna görə də onlar din, metafizika və etika sahələrinə aid həqiqətləri reallığı əks etdirə bilmədikləri üçün mənasız hesab edirdilər.
Burada bizim zehnimizdə bir neçə sual yarana bilər:
– Nəyə görə yalnız təcrübə yolu ilə əldə edilən idrak real idrak hesab olunur?
– Nə üçün varlığın izahında elmi-təcrübi yəni emprik-sensual metoddan əlavə üsullar rədd edilir?
– Təcrübə və idrak yalnız hiss orqanlarının inhisarındadırmı?
Materializm məktəbinin ardıcıllarının buraxdığı əsas səhv də məhz bundan ibarət idi ki, onlar reallığı dərk etməyi yalnız elmi idrakda xülasələşdirirdilər, başqa sensual, mənəvi, irfani təcrübələri və əqli-fəlsəfi idrakı rədd edirdilər.
Onlar elmi metodu fəlsəfi qanun kimi qələmə verərək reallığı təkcə elmi idrakda xülasələşdiriblər. XX əsrin tanınmış filosof və riyaziyyatçısı A.N.Vaythed bu səhvi “təcrübi faktların hədsiz ümumiləşdirilməsi” adlandıraraq deyirdi: “Bəzi alimlər bu metodu elə vəsf edirlər ki, guya bu yeganə mümkün metoddur”.

Birinci hissənin sonu
Mənsurov Bəşir
oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir