Bala zəhər qatmaq hiyləsi – Qərb şərqşünaslarının bəzilərinin azğın metodu.

Tarixin keçmiş mərhələrində və xüsusən orta əsrlər dövründə bəzi inadkar, təxribatçı və İslamafob şərşünasların metodu açıq bir formada çəkinmədən İslama və Həzrəti Rəsulallaha (s) hücum etmək olmuşdur. Onlar heç bir sərhəd və hörmət gözləmədən kəskin bir formada islamı və peyğəmbərini mühakimə edir, ittiham edir və hətta “mədəni” təhqirdən belə çəkinmirdilər. İndi çox aydındır ki, bu metod əslində çox bəsit, ibtidai və ciddi elm əhlinə yaraşmayan bir üslubdur. Bu üslub həm də İslam dünyasında çox mənfi və bəzən də aqressiv qarşılanır, onların nəzərdə tutduğu nəticə isə alınmır. Ona görə də son dövrlərdə bəzi şərqşünaslar bu kimi zəhərli təbliğatın müsəlmanlar və həm də qərb dünyasının öz arasında heç bir ciddi nəticə vermədiyinin şahidi oldular və üslublarını tamamilə dəyişdirdilər. Onlar daha həssas və çox təsirli bir metoda əl atdılar. Bu üslubu bəzi İslam alimləri və xüsusən də Doktor Məhəmməd Həsən Zamani öz kitablarının birində “bala zəhər qatmaq” hiyləsi adlandırdı. Onlar bu üslubdan istifadə edərək öz kitab, araşdırma və məqalələrinin əsas formatını sırf elmi-ictimai, bitərəf və obyektiv tədqiqat pərdəsi altında təqdim etməyə başladılar ki, fikirlərinin qarşı tərəfdə daha rahat qəbul olunmasına şərait yaratsınlar. Onlar kəskin tənqidi bir tərəfə qoyaraq İslam maarifini, müsəlman mədəniyyətini, Qurani-Kərimi və Həzrəti Peyğəmbərin (s) mübarək şəxsiyyətini çox hörmətlə yad etməyə, təriflər və bəzi xoşagəlimli, cazibəli, bəzəkli sözlər yazmağa başladılar ki, kütləvi müsəlman oxucusunun diqqətini özlərinə çəkə bilsinlər. Bəlkə də onların bu hiyləsi bir çox səmimi və sadəlöhv müsəlmanları aldada və özlərinin bu hiyləsinə inandıra bildi. Sanki onlar qarşımıza dünyanın ən şirin balını qoydular, amma ən təhlükəli zəhər qatılmış bir formada. Bu zəhəri isə çox diqqətli və haqla-batili bir-birindən ayırd etməyi bacaran müsəlmanlar hiss edə bilərdi. Onlar bu tip məqalə və kitabların içərisində öz zəhərini ötürür, oxucuları öz dini-inanclarında, əqidələrində şəkkə və tərəddüdə salır, bununla da öz mühüm şübhələrini hiss olunmadan beyinlərə ötürürdülər. Onların əsas üslubu isə bu olurdu ki, onların İslamın ilk dövrləri, Peyğəmbərin (s) gördüyü bənzərsiz, ilahi-metafizik işlər və Quranın möhtəvası barədə naqis, natamam, maddi yönümlü və bəşəri təhlillər irəli sürür, bir növ İlahilik anlayışını, İlahi rəngi İslamdan və İslam tarixindən gizlin formada silib atıb, İslami adi bəşərin yaratdığı bir din kimi təqdim etməyə çalışırdılar. Bütün bunlar hamısı dolayı yollarla İslamın, Quranın və Həzrət Peyğəmbərin (s) təqdim etdiyi ideologiyanın heç bir ilahi-fundamental əsası olmadığını təlqin edirdi.
Burada tarixi bir məqam bundan ibarətdir ki, bu üslub heç də müasir şərqşünasların kəşfi deyil. Peyğəmbər dönəmində yaşayan münafiqlərin, inadkar yəhudi və xristianların köhnə metodudur. Qurani-Kərimin özündə bu üslub barədə belə məlumat verilir:
– “Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə (Qurana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (möminlər öz dinlərindən bunun vasitəsilə) üz döndərsinlər.” (Ali-İmran surəsi, 72-ci ayə)
Qeyd edək ki, yuxarıda qeyd olunan bu ayələr nazil olana qədər Mədinə şəhərində yaşayan yəhudilər müsəlmanların imanında süstlük yaratmaq üçün bütün vasitələrdən – hərbi, iqtisadi, siyasi və mədəni hücumlardan istifadə ediblər. Iakin heç bir ciddi faydası olmayıb. Bu üslub isə onların ən məkrli və təhlükəli üslubudur. Xatırlatmaq yerinə düşərdi ki, məhz bu üslubu Mədinə də yaşayan yəhudilərə, Xeybər yəhudiləri məsləhət görüblər ki, onlar əvvəlcə özlərinin İslamı bəyəndiklərini, sevdiklərini deyəcək, bununla rəğbət və etibar qazanacaq, sonra isə İslamın bəşər tərəfindən yaradılan bir din olduğunu bildirməklə (guya onlar belə olduğuna əmin oldular) onlara olunan etimaddan sui-istifadə edərək, qəlblərdə şübhə toxumu əkəcəkdilər.
Və bu plan bu gün tam sürətlə davam etdirilməkdədir. Müasir Quran təfsiri olan “Təfsiri Nümunə” əsərində sözü gedən ayənin təfsirində bu planın məqsədi heç də müsəlman gəncləri xristian və ya yəhudi etmək deyil, sadəcə məqsəd gənclərin zehnində İslamın etiqadi prinsiplərini süstləşdirmək və onları öz din və mədəniyyətlərinin böyük və nüfuzlu şəxsiyyətlərinə qarşı laqeyidləşdirmək olduğu qeyd olunur.
Məhəmməd Qütb özünün “Əl-Mustəşriqun” əsərində bu üslubun ən öndə gedənlərindən olan ingilis şərqşünası H.K.Gibb, ondan sonra isə Qustav Qrünebaum (Gustav Grunebaum) və Vilfred Kantvel Smitin (Wilfred Cantwell Simth) adlarını çəkir.
Seyid Əbülhəsən Nədəvinin “Əl-İslamiyyat” əsərində qeyd olunur:
– Zirək şərqşünaslar oxucuları qane etmək üçün bəzən bir əsaslı dağıdıcı şübhəni onlarla adi, önəmsiz tərifin, mədhin içinə sığdırırlar ki, mədhlərin, təriflərin çoxluğu müsəlman oxucuda müəllifə etimad doğursun.
Yazımızın sonunda şiə məzhəbinə qarşı daima düşmən mövqeyində dayanan Güntay Gəncalp kimi bir şəxsin əli ilə tərcümə olunan və kitab mağazlarımızda mövcud olan qərb şərqşünaslarından Constantin Virgil Georgiunun əsərlərindən olan “Muhəmməd tanınması gərəkən peyğəmbər” əsəri barədə qısa məlumat vermək istərdim. Bu əsər də yüksək hiylə ilə yazılan və bəsit təriflərlə dolu olan kitabların ən bariz nümunələrindən biridir. Belə ki, əsəri diqqətlə analiz edən zaman məlum olur ki, əsərdə təriflərin arasında Həzrəti Rəsulallahın (s) ilahi peyğəmbər olması deyil, adi bir bəşər kimi öz zehninin və əməyinin məhsulu olaraq İslamı və Quranı yaratdığına gizli, şüuraltı işarələr olunur, bəzən də son dərəcə əminliklə Peyğəmbərin bütün işləri maddi formada təhlil olunur və bütün İslamın sadəcə o dövrün ictimai-sosial zərurəti əsasında meydana çıxdığı iddia olunur. Yəni Həzrəti Peyğəmbər (s) əsərdə peyğəmbər kimi xatırlansa da, amma kitabın ümumi mənası onu sadəcə adi, insansevər və bəşəriyyəti xilas etmək üçün bir din yaradan qəhrəman kimi təqdim edir. Təbiiki açıq formada deyil, çox gizlin və hiyləgərcəsinə.

Mənsurov Bəşir

imameli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir