Gülmək ağrının azalmasına kömək edir!

Gecəni səhərəcən ağrıdan qəşəng-qəşəng, ilan kimi qıvrılmışam desəm, çoxunuz inanmayacaqsız, deyəcəksiz ki, ay qadan alım, ağrımaq ağrımaqdır, bəs “qəşəng-qəşəng” nədir – manyaksan? Siz hələ yaxşısız, təcili yardım maşınında təşrif buyurmuş, bir suyundan da adını unutduğum mələklərdən birinə oxşayan yarı yuxulu həkimsə ağrılarım haqda gülə-gülə danşdığımı görüb köməkçi qıza eynən belə pıçıldadı: deyəsən, adamın başı pozulub!

Bevaxtdı, çox dərinə getmədim, qısaca onu soruşdum ki, sizcə niyə xəstə öz ağrısından ağlaya-ağlaya (deyinə-deyinə) danışanda təbii, gülə-gülə danışanda anormal görsənir? Həkim dinmədi, mənsə naəlac, iki il qabaq ağrıdığı üçün ağlayan oğluma dediklərimi xatırladım: oğlum, əzizim, balam, de ataya, əgər ağlamaq ağrını azaldırsa ata da, ana da, hətta bacıların da sənə qoşulub ağlayaq ki, ağrın sakitləşsin. Azaldır? Azaltmır, axı. Bəs gülmək? Səninlə mərc gələrəm ki, gülmək ağrının azalmasına kömək edir!

Ağrıyarkən ağlamaq, Freydin reqressiyasını əsas götürsək, bizdə uşaqlıq adətidir; dərdini deməyə dili-ağzı olmuyan uşaq başqa neyləsin? Ağlamaq körpənin halının yeganə tərcümanıdır, təbiidir, gözəldir: ağlayıram, yəni narahatam, bir çarə qılın! Bəs bu uzunluqda (və şirinlikdə) dili olan böyük niyə ağrıdığını bildirməkçün zarısın?! Bu, hər iki tərəfin qanını qaraldır axı…

Çətinlikdən gileylənmək çətinliyi bir az da artırır, inanın mənə, “istidir, çox istidir, af, uf, boğuluram” deyərək öz əlimizlə odun üstünə benzin tökmüş oluruq; dərdlə qəşəngcə zarafatlaşmaq lazımdır, ona maraqlı, poetik, fəlsəfi don geyindirmək, və məsələn, demək ki, bu dəfəki ağrım yaman mənalı, qeyri-səlis ağrıdır, fərqlidir, yenidir, bir suyundan da qısqanclıq ağrısına bənzəyir… bir də görəcəksiz, xeyli yüngülləşmisiniz.

Çətinliklərindən xəfif təbəssümlə, ən qəşəng formada danışa biləndə böyüyür adam;

biri gələr dərd danışar, elə gözəl danışar ki, deyərsən heç bitməsin bu dərd, heç susmasın bu zəban; bir başqası isə ilk cümləsindəcə yorar bizi… nədən ki, zarımaq dərdin xurafatıdır…

Deyirəm, qaqam, niyə yay ayaqqabısıyla gəzirsən, çöldə 20 dərəcə şaxta var e! Gülür: “xırda şeydi, abi, müvəqqəti çətinliklərdi, imkan olan kimi qış ayaqqabısı da alarıq, qəşəng palto da götürərik, onu da eləyərik, bunu da eləyərik, hələ üstəlik, abimə qəşəng bir qonaqlıq da verərik, dədə canı, özünü darıxdırma!”

Baxıram ki, adamın dağ boyda ürəyi var, qış ayaqqabısı olmasa nolacaq!

Hə, əzizim, bütün bunları sistem altında, həkimə danışıb əlavə elədim ki, mən də 37 il sonra ilk dəfə qaydanı pozmaq, ağrıyarkən gülmək istədim, pis elədim? Misqal-misqal danışan həkimlərdəndi zalımın qızı, vər-vəsailini yığa-yığa bircə bunu deyib getdi:

Очень приятно!

 

İlqar Kamil

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir