Ölü itin gözəl dişlərini görmək lazımdır

Nəyəsə qadir olduğunuza, yaxud qadir olmadığınıza inanırsınızsa, istənilən halda siz, yəqin ki, haqlısınız.

                                                      Henri Ford

 

Bir gün İsa peyğəmbər həvariləri ilə yol gedirdi. Bu zaman bir it cəsədinin yanından keçirlər. İt cəsədinin ətrafına insanlar toplaşmışdı. Onlar itin cəsədinə baxaraq, hərəsi bir söz deyirdi. Bəziləri it ölüsünün üfünətli iyindən, digərləri xəstəlik mənbəyi olduğundan gileylənirdilər. Deyilənlərə məhəl qoymayan Həzrət Məsih itə baxıb: “Bu itin nə gözəl, inci kimi dişləri vardır”, -deyir. Hamı bir anlıq yerindəcə donub qalır. Həzrət İsanın bu sözü onları düşünməyə vadar edir. Anlayırlar ki, doğurdan da, “hər kəs öz arşını ilə ölçür”, hadisələrdə hərə öz görmək istədiyini görür. Ruhullah bu sözləri ilə onlara “hər çirkinliyin belə bir gözəlliyi vardır, ilk olaraq, o gözəlliyə diqqət etmək, həyatda hər şeyə yaxşı tərəfindən yanaşmaq lazımdır” həqiqətlərini anlatmaq istəyirdi.

Özünüzü işlərin yaxşı tərəfini görməyə adət etdirin. Unutmayın ki, bütün hadisələr müqayisə nəticəsində pis və ya yaxşı olurlar. Bilin ki, başınıza gələn ən pis hesab etdiyiniz işin belə dərinliyində yüzlərlə sizin üçün fayda və yaxşılıq cəhəti qərar tapmaqdadır. Sadəcə, onları görmək lazımdır.

 

    Piter Deniels kitablarının birində belə yazır:

“Məsələn, kimsə deyəndə ki: “Bu gün çox bərbad hava var, elə deyilmi?”, belə cavab verin: “Bu, bəzi insanlara evdə qalaraq vacib işləri tamamlamağa imkan verəcək”.

 

O, sonra sözlərinə belə davam edir: “Uzun illər əvvəl mən hər şeyimi itirmişdim. Sonra yenidən bizneslə məşğul olmağa başladım. Bir gün yanıma bir dostum gəldi. O, mənim yenidən qətiyyətlə, ruhdan düşməmiş halda öz işimlə məşğul olduğumu görüb, bu inadkarlığıma təəccübləndi və dedi: “Səni yenidən işinlə məşğul olan deyil, düşgünləşmiş və bədbəxt görəcəyimi güman edirdim”.

Dostum məndən soruşdu: “Sən necə belə inadkarcasına, sanki heç nə olmamış kimi yenidən öz işinlə məşğul olmağa davam edə bilirsən? Bu iflasın məyusluğu səni heç dayandırmadımı?”.

Mən cavab verdim: “Mən iflasa uğrayandan sonra düşdüyüm vəziyyətə görə bütün məsuliyyəti öz üzərimə götürdüm. Anladım ki, hər şey öz ağılsızlığıma görə baş verdi. Hansı vəziyyətdə olduğumu özüm üçün tamamilə aydınlaşdırdım. Sonra başa düşdüm ki, hər şeyi düzəldə biləcək yeganə insan elə mən özüməm. Əslində, vəziyyət elə də pis deyil. Belə ki, mənim indi daha çox təcrübəm var və ona görə də ikinci cəhd mənə daha asan başa gələcəkdir”.

Piter Deniels bu cür düz üç dəfə cəhd etdi. Hər üç cəhddə də böyük sərmayə yığdıqdan sonra hər şeyini tamamilə əlindən verdi. Bütün bunlardan fərqli olaraq, dördüncü dəfə çox böyük uğura nail oldu. Hətta elə bir uğur ki, bu günə kimi davam etməkdədir.

Həyatda sürünənlərdən olmamaq üçün mütləq və mütləq bu pozitiv baxış tərzini özünüzdə formalaşdırmalısınız. Bunun üçün hər şeydə ən gözəl cəhətləri və sizin üçün faydalı ola bilən ən üstün mətləbləri axtarıb tapın! Bu, optimist və pessimistin fərqli cəhətləridir. Optimist ona görə optimist deyil ki, şəraiti yaxşıdır, pessimist də ona görə bədbəxt və qəmli deyil ki, düşdüyü həyat şəraiti bərbaddır. Xeyr, onların fərqi ətrafa olan baxışlarında, malik olduqları həyat fəlsəfələrindədir.

 

 

Oxuyaq.az

“Çətin olsa da, həyat davam edir” kitabından 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir