Gəlin heç kimi aldatmayaq !

Heç kim inanmazdı belə olacağına, qətiyyən düşünməzdik ki, bu arıq cüssəli sakit uşaq qalxıb elə bir çıxış edəcək ki, düz 10 ildir yanıltmac kimi təkrarladığımız gözəl-göyçək ssenarimiz alt-üst olacaq.

Dəyirmi masa ətrafında növbəti dəfə ona görə yığışmışdıq ki, yenə uğursuzluqlarımızı elmə məlum olmayan hansısa qara qüvvələrin boynuna atıb vicdanımızı rahatladaq, sonra da sadəcə və yalnız rənglərini bildiyimiz o qap-qara qüvvələrə lənət yağdıra-yağdıra qalxıb dağılışaq evimizə.

Hamı öz fikrini dedi, hamı odlu-alovlu danışdı, yekun qərar yenə həmin şey oldu: günahkar qara qüvvələrdir!!! Əxlaqsızlıq bürüyüb cəmiyyətimizi, kimdir günahkar? Xorla: Qara qüvvələr! Dəyərlər əldən gedir və bizə qulaq asan yoxdur, kimdir günahkar? Qara qüvvələr! Əsrlərdir çevir tatı, vur tatı, eyni şeyləri danışırıq, kimdir günahkar? Qara qüvvələr! Heç bir sahədə təşkilatlana, birləşə, köməkləşə bilmirik, kimdir günahkar? Əlbəttə və əlbəttə qara qüvvələr!!!

Kefimiz düzəlmişdi, yenə aydan arı, sudan duru çıxmışdıq hamımız, ağzımızı açıb xorla qara qüvvələri lənətə başlayırdıq ki, o, danışmaq istədiyini bildirdi. Bayaqdan fikir vermədiyimiz sakit, səssiz gənci deyirəm. Ədəb-ərkanla ayağa qalxıb mikrofonu aldı əlinə:

Qardaşlar! Gəlin heç kimi aldatmayaq! Bizim bu gündə olmağımızın yalnız bir səbəbi var: birbimizin xətrinə dəymək istəməməyimiz! Aman, aman, malalayaq ki, kimsə bizdən inciməsin, amandır, yola verək, kimsə bizə tikanlı adam deməsin! Dostumuzun açıq-aydın xətasını görürük, demirik, inciyəcəyindən ehtiyatlanırıq, bizi sevməyəcəyindən qorxuruq, guya onun qəlbini düşünürük, yox, biz sadəcə öz canımızın hayındayıq: kim istəyər ki, adı tikanlı adam olsun! Hamı tərəfindən sevilmək kimi komfort həyat varmı bu dünyada?Bəli, bəli, – o bir daha təkrarladı – Biz birbirimizi incitmədiyimiz, birbirimizin xətrinə dəymək istəmədiyimizçün illərdir yerimizdə sayırıq!!! Üzümü sizə tuturam – böyük qardaşlarıma: axırıncı dəfə haçan bir dostunuzu nəzakətlə tənqid eləmisiniz, nə vaxt bir əzizinizə demisiz ki, canım qardaşım, sənin dediyin bu söz düzgün söz deyil; bir görün heç olubmu ki, həqiqət naminə hansısa dostunuzu incitmiş, hətta itirmiş olasız? Allah üçün qurban vermək budur e, qoyun başı kəsməyə nə var ki!

Görüş əməllicə bazara döndü, elə bil rəsmi bir tədbirdə Obamanın üstünə ayaqqabı atmışdılar, hər başdan bir səs, hər ağızdan bir söz çıxırdı – aləm dəymişdi bir-birinə, mənsə bu həngamədə əlim qoynumda bir kənara çəkilib ustadımı xatırlayırdım, “heç vaxt, heç kimi şəxsən tənqid etməyin”, -deyən ustadımı, “sözü ümumi danışın, hərə öz payını götürsün”, -deyən ustadımı. Yazıb bu hikmətin niyəsini soruşmuşdum, yadımdadır, cavab vermişdi ki, xətasını dediyiniz adam, necə yumşaq deyirsiniz deyin, sizə düşmən kəsiləcək! Ustadım olanda nolar, razılaşmamışdım onunla, hətta narahat da olmuşdum bir az: “Necə yəni, ustad! Buyursun düşmən kəsilsin, bəs haqq, bəs ədalət?! Bəs nolacaq bunun axırı, bəs kim bizə deyəcək qüsurumuzu, bəs necə böyüyəcəyik, bəs necə bərkiyəcəyik? Haqdan vaz keçək – sadəcə buna görə ki, dostumuzun qəlbi inciyər??” Uzunçuluq etmək istəməmişdi yəqin, böyüdükcə məni başa düşəcəksən, demişdi sakitcə və… susmuşdu.

Böyüməyinə böyüdüm, budur, yıxıla-dura qocalmışam da artıq, lakin heç vaxt əziz ustadımın o sözünə haq qazandıra bilmədim, və illər sonra bir tədbirdə, çılğın bir gəncin qalxıb belə danışması məni yenidən həyəcanlandırmışdı. Düz deyirdi dostumuz, bizim bu gündə olmağımızın yalnız bir səbəbi var: birbirimizin xətrinə dəymək istəməməyimiz! O üzdəndir ki, az qala hamımız mama uşağıyıq, qlamurkayıq!

Gəncin dəlisov fikirləriylə razılaşmayan dostlarımız mikrofonu silah kimi əldən-ələ ötürüb mənə uzadanda “Qanlı zəmi” -nin Qaçaq Nəbisini gördülər qarşılarında – qalxdım, qısa və konkret danışdım:

Düz sözə nə deyəsən!

 

İlqar Kamil

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir