“Quran”a baxıb dünyanı görə bilməyən dindarlar

Dostum Mehdinin zənginə oyandım.
– Hə, ay Mehdi.
– Salam, cüməyə gedəcəksənmi?
– Hə, gedəcəm.
– Oldu, onda həmin vaxt, həmin yerdə görüşək.
Yerimdən qalxıb telefonuma baxdım ki, sağ olsun dostlar, cümə mesajları göndəriblər. Bayramlaşıb telefonu qırağa qoydum. Tez hazırlaşıb evdən çıxdım ki, cüməyə çatım. Mehdiylə həmişəki yerdə görüşdük.
– Salam, ay Mehdi. Necəsən?
– Şükür! Sən necəsən?
– Görmürsən? Təzə durmuş boş-bekar adam necə olsun?!
– Elçin, niyə bir iş tapmırsan, nə vaxta kimi belə boş-bekar olacaqsan? Hər cümə minbərdə Hacı Osman demir ki, dünya malından gözünüzü çəkin? Elə yaxşısı, belədir. Gec yat, gec də dur. Sənə daha sözlərimi təkrar etməkdən bezmişəm. Özün bilərsən, amma sonra demə ki, niyə məni yönəltmədin.
– Ay Mehdi, gəl tələsək, cüməyə çataq.
Məscidə çatanda hər kəs bir-birilə bayramlaşırdı.
– Ay Elçin, o qardaşı tanıyırsan? – Mehdi soruşdu.
– Hansını deyirsən?
– Bax, qapıdan girəni deyirəm.
– Üzdən tanıyıram. Nə olub ki?
– Onun ailə vəziyyəti çox pisdir. Nə işləyir, nə işləmək üçün çalışır. Yoldaşı gəlib anama dərdin danışır ki, bezmişik yoldaşımın bu əməllərindən. “Bütün günü məsciddədir. Amma evdə uşaqlar acından ölür. Özünə deyirəm, mənə hədis danışır ki, belə etmək lazım, elə etmək lazım. Cümə vacib, namaz vacib. Deyirəm, bir iş tap, işlə, vəiyyətimiz çox pisdir. Eybi yox, mən quru çörək tapıb, suya batırıb yeyərəm. Heç olmaya, övladlarımıza görə bir iş tap, onları başqa uşaqlardan fərqli böyütməyək. Paltarlarını tikməkdən artıq ələ gəlmir. Bəs bu uşaqların təhsili?! Elə hey danışıram, amma təkrarlayır: Hacı Osman minbərdə dedi ki, dünyaya bağlanmayın, boş şeydi dünya malı. Allah özü yetirəcək. Axı, hədis var – ruzini verən Allahdır”.
– Gəl, ay Mehdi, gedək, yer tutaq, namaz başlayır.
Namazı qıldıq, Hacı Osman qalxdı minbərə və başladı danışmağa. Hamımız sakitcə dinləyirdik. Hacı Osman xütbəsini bitirib minbərdən endi. Hamı qaçdı qabağına salam verməyə, dərdin deməyə.
– Ay Mehdi, deyirəm, Hacı Osman bu camaata çox xeyir verir ee. Təbriz var ha, atası, anası dünyasını dəyişmiş, keçən dəfə onu evlənməyi üçün hər şeyi etdi.
Mehdiylə danışa-danışa məsciddən çıxırdıq ki, Əli dayını görüb, yanına getdik.
– Salam, Əli dayı, necəsiz?
– Çox sağ olun, əzizlərim, siz necəsiz?
– Şükür, dayıcan, yaxşılıqdır. Evə gedirsizsə, birgə gedək.
– Hə, gedək.
– Elçin, harda işləyirsən?
– İşləmirəm, dayıcan.
– Bəs niyə işləmirsən?
– Nə bilim, hələ iş tapmamışam.
– Heç olmasa, axtarırsanmı?
– Yox, dayıcan, Hacı Osman hər dəfə deyir də, dünyaya bağlanmayın, Allah ruzunu özü verəcək, dərd etməyin.
– Elçin, Hacı Osman insanlara çox kömək edir, neçə-neçə kasıbların əlindən tutur, amma bəzi şeyləri düz demir.
– Dayıcan, o boyda hacıdır ee, necə səhv deyir?
– Əziz Elçin, nə boyda olur-olsun, insan səhv edə bilir. Gəl, sənə bir əhvalat danışım:
“Bir tacir oğluna xoşbəxtliyin sirrini öyrətmək üçün ən müdrik adamın yanına göndərir. Gənc qırx gün səhra ilə gedir və nəhayət, dağın yüksəkliyində yerləşən gözəl bir qəsrə yaxınlaşır. Axtardığı müdrik adam orada yaşayırdı. Lakin müqəddəs adamla nəzərdə tutulan görüş əvəzinə, hamının qaynaşdığı salona daxil olur: tacirlər girib-çıxır, künc-bucaqlarda adamlar görünür, kiçik orkestr şirin melodiyalar ifa edir və ortada bu yerlərin ləziz yeməkləri düzülmüş masa olur. Müdrik müxtəlif adamlarla danışdığına görə, gənc öz növbəsinini iki saata yaxın gözləməli olur.
Müdrik, gəncin gəlişinin məqsədi haqqındakı izahatı diqqətlə dinləyir, ancaq bildirir ki, xoşbəxtliyin sirrini açmaq üçün onun vaxtı yoxdur. Gəncə sarayda gəzişməyi və iki saatdan sonra yenidən gəlməyi təklif edir.
– Amma mən bir şey xahiş etmək istəyirəm, – müdrik əlavə edir və içərisinə iki damcı yağ tökdüyü kiçik qaşığı gəncə uzadır: – Gəzinti zamanı bu qaşığı elə tut ki, içərisindəki yağ dağılmasın.
Gənc qaşıqdan gözünü çəkmədən sarayın pilləkənləri ilə qalxıb enməyə başlayır. İki saatdan sonra o, yenidən müdrik adamın yanına gəlir.
– Necədir? – müdrik soruşur. – Mənim mətbəximdəki İran xalçalarını gördün? Baş Bağbanın on il ərzində yaratdığı parkı gəzə bildin? Bəs sən kitabxanamdakı dəri üzərində yazılmış qədim əlyazmalara nəzər saldın?
Gənc utanaraq boynuna alır ki, heç nə görməyib. Onun yeganə qayğısı müdrikin ona etibar etdiyi qaşıqdakı yağı dağıtmamaq olub.
– Yaxşı, qayıt və mənim dünyamdakı möcüzələrlə tanış ol, – Müdrik deyir. – Yaşadığı evlə tanış olmadığın adama etibar etmək olmaz.
Sakitləşmiş gənc qaşığı götürür və yenidən sarayı gəzməyə gedir. Bu dəfə o, sarayın divarlarından və tavalarından asılmış incəsənətə baxa-baxa addımlayır. O, dağların əhatəsindəki bağı, incə gülləri, hər bir incəsənət əsərinin lazım olan yerdə dəqiqliklə asılmasını seyr edir. Müdrik adamın yanına qayıdandan sonra gördüklərini ətraflı təsfir edir.
– Bəs mənim sənə etibar etdiyim iki damcı yağ hanı? – Müdrik soruşur.
Gənc qaşığa baxır və yağın töküldüyünü görür.
– Sənə verə biləcəyim yeganə məsləhət budur: xoşbəxtliyin sirri ondadır ki, dünyanın bütün möcüzələrinə baxasan və heç vaxt qaşıqdakı iki damcı yağı yaddan çıxartmayasan.”
Bax, Elçin, Allahın “Quran”ından insanlar düzgün istifadə etmir. Əlindəki yağ kimi “Quran”a baxanda qırağı görmək olmur, qırağa baxdıqda da əlindəki yağı itirisən.
– Dayıcan, bəs nə etməliyik?
– Əlində olan “Quran”a diqqətlə baxmalı, amma qıraqdakıları da diqqətindən kənarda qoymamalısan. Bu iki əməl bir-birindən ayrıldıqda həyat çox faydasız olur.
Məhləyə çatdıq. Əli dayını qapılarına kimi yola salıb sağollaşdım.
Mehdi soruşdu:
– Elçin, hara gedirsən?
– Dayının danışdıqların mənə çox təsir etdi. Başa düşdüm artıq, gedib iş axtarmalıyam ki, Allah da ruzimi yetirsin.

 

Fəxrəddin Laçınlı

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir