UŞAQLAR NİYƏ SUSURLAR ?

Evdə danışır, deyir-gülür, oynayır. Elə ki, evə kimsə gəldi, susur, məktəbdə susur, bağçada susur, həyətdə susur, qonaqlıqda susur. Çox vacib sözü olsa ətrafdakılar səsini eşitməsin deyə pıçıltı ilə ananın qulağına deyir. Nə isə deməyə məcbur ediləndə əziyyət çəkir, paltarını dartışdırır, əllərini ovuşdurur, dodağını çeynəyir.

DİQQƏT! Əgər bu əlamətlər uşaqda varsa “Selektiv mutizm” haqqında düşünməyə dəyər.

Selektiv mutizm nədir? Səssiz, susqun mənasına gələn mutizm (latın dilində “mutus” ifadəsindən yaranıb), selektiv mutizm yəni “seçici susma”, uşağın tanıdığı mühitdə, məsələn, evdə səlis danışmasına baxmayaraq, məktəb o cümlədən başqa sosial mühitlərdə danışmamasıdır. Bu susqunluğun şiddəti yalnız yadlarla danışmamaqdan başlayıb cəmiyyət içində demək olar ki,hər yerdə səssiz qalmağa qədər dəyişə bilər. Selektiv mutizm bir çox hallarda utancaqlıqla qarışdırılır. Lakin normalda utancaq uşaq yad mühitə öyrəşdikdən bir müddət sonra qaçıb yaşıdları ilə oynadığı, böyüklərlə danışdığı halda selektiv mutizmli uşaqlar səssiz qalmağa davam edirlər. Qız uşaqlarında oğlanlara nisbətən daha çox müşahidə olunur.
Selektiv mutizm zamanı uşaqlar bir və ya bir neçə şəxsi seçir və yalnız onlarla danışır. Bu uşaqla danışmağa cəhd olunduqda göz kontaktına girməkdən çəkinirlər və hərəkətsiz, rekasiyasız dururlar. Az da olsa ünsiyyətə girməyə maraq göstərərlərsə, duyğu və düşüncələrini jest və mimikaların köməyi ilə, ya da yazılı yolla ifadə etməyə üstünlük verirlər.
Selektiv mutizm keçici və daimi ola bilir,amma hər danışmayan uşağa mutizmdir deyə bilmərik. Mütləq mütəxəssis tərəfindən dəqiq diaqnoz qoyulmalıdır.

Selektiv mutizmin əlamətləri:

– Uşağın ünsiyyətə girəcəyi insanları tanıdığı və özünü güvəndə hiss etdiyi ictimai sahələrdə danışmasına baxmayaraq məktəb və oyun sahələri kimi fərqli sosial mühitlərdə danışmaması

– Uşağın susqunluğunun onun təhsilinə mənfi istiqamətdə təsir göstərməsi

– Susqunluğun ən az bir ay davam etməsi (məktəbə başladığı ilk ay nəzərə alınmır)

– Mutistik uşaqlar sizin gözünüzə baxmaqda çətinlik çəkirlər.

Yaranma səbəbləri:

Yaşanılan psixi travma (yaxın adamın ölməsi, təcavüz, maşın qəzası, valideynlərin boşanması, yaşayış sahəsinin dəyişdirilməsi və s.) və ya valideynlərin çox nəzarətçi və mükəmməlliyyətçi olması kimi səhvlər,ana-ata tutumları uşağın bəzi ortamlarda danışmamağına səbəb olur. Bu hal sonradan onlarda ünsiyyətə soyuqluq yarada bilir,lakin uşağların bəzi mühitlərdə danışmamağına doğuşdan anksiyete problemi olmasının səbəb olduğu da deyilir.

Mən hal-hazırda susmağı seçən bir neçə şirin balaya dərs deyirəm. Təbii ki, selektiv mutizm haqqında bildiklərimə bir də müşahidələrim əlavə olunub. Əsas onu deyə bilərəm ki, müalicə üçün tələsmək lazımdır. Selektiv mutizmə sahib uşaqlar müalicə olunmadıqları vəziyyətdə təhsilləri və sosial münasibətləri ciddi zərər görmüş olur. İçinə qapanıq və özgüvəni aşağı şəxslər olmaq riski ilə qarşı-qarşıya gəlirlər. Bu uşaqlar çox əziyyət çəkirlər. Təhlükədə olsalar belə danışmamaq üçün kömək istəmirlər. Uşağa mutizm diaqnozu qoyulduğu andan müalicəyə başlamaq lazımdır. Terapiya qrup işi şəklində aparılmalıdır. Uşaq psixoloqları ilə yanaşı, müəllimlər, loqopedlər və ailə fərdləri önəmli yer tutur. Dərman dəstəyi və psixoterapiya üsulları (oyun terapiyası, ailə terapiyası, fərdi konsultasiya, davranış terapiyası və s.) birlikdə istifadə olunur.

Necə davranmaq lazımdır?
1. İlk növbədə xoş rəftar edilməli və qorxudulmamalıdırlar.
2. Əsla danışmağa məcbur etmək olmaz.
3. Danışmaqları üçün cəza və ya mükafat vermək olmaz.
4. Müalicə müddətində yanında olmalı, dəstəkləməli, həvəsləndirməlisiniz.
5. Başqasının yanında vəziyyəti haqqında danışıb, danlayıb utandırmaq olmaz.
5. Ona inandığınızı və bacaracağını deyin.
6. Və ona başqa uşaqlardan fərqli davranmayın.

Unutmayın! Onlar səslərini gizlədirlər, siz səbrinizi göstərin.

 

Pedaqoq  Lalə Məhərrəmli

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir