Allahın sübutu – FİTRƏT DƏLİLİ (2-ci hissə, son)

 

Burada sizinlə bölüşmək istədiyimiz daha bir önəmli məlumat müqəddəs Qurani-Kərimin fitrətə olan özünə məxsus yanaşmasıdır. Qurani-Kərimin Rum surəsinin, 30-cu ayəsində buyurur:

 – “Üzünü Allahın hənif (xalis) dininə tut! Bu, bir fitrətdir ki, Allah insanı bu fitrət üzərində yaratmışdır. Allahın yaratdığında heç bir dəyişiklik yoxdur. Möhkəm din budur, lakin insanların çoxu bilmir.”

Təfsirlərdə qeyd olunur ki, burada “hənif din” dedikdə  bütün növ əyrilik, sapıntı, xurafat və azğınlıqlardan doğruluğa meyl edən bir din nəzərdə tutulur. Sözügedən ayədə təkid edilir ki, hənif din Allahın bütün insanların fitrətində yaratdığı dindir və insanların çoxu bilməsə də, həmin fitrət əbədi və dəyişməzdir. (Nümunə təfsiri, c.16, s.388)

 Qeyd etdiyimiz ayə vasitəsilə bir neçə həqiqət aşkarlanır. Onlardan biri budur ki, Təkcə Allaha olan ehtiyac deyil, həmçinin xalis ilahi dinə də olan ehtiyac fitri bir ehtiyacdır. Yəni dində mövcud olan hər şeyin insan fitrətində bir kökü var. Yəni insan və din bütün sahələrdə biri-birilə həmahənglik təşkil edən iki qol kimidir. Din sağlam insan fitrətinin dərinliklərində belə mövcud olan heç bir şeylə ziddiyyət təşkil etmir. Şəriətin təyin etdiyi, bir qism insanların nəfsinə xoş gəlməyən bəzi qadağa və əmrlərin önəmidə məhz bundadır ki, bu qanunlar insan fitrətinin sapmasının qarşısını almaq və fitrətin sağlam qalması üçün nəzərdə tutulub. Kiçik bir misalla fikrimizi izah edək:

– İnsan niyə özünə ev tikir? Ev tikərkən çəkilən bu qədər xərc, xoşagəlməyən zəhmət, baş ağrısı və iş əsnasında qarşıya çıxan çətinliklər hamısı nədən ötrüdür? İnsan anlayır ki, bu qədər ağır zəhmət və tələb olunan xərc hamısı onun özünün, ailəsinin, dəyərli əşyalarının kənar təsirlərdən, soyuqdan, istidən, yad baxışdan, oğrudan qorunması üçün nəzərdə tutulub. İndi kimsə ev tikmək ağır işdir və xərc tələb edir deyə məhz ağırlığı və çətinliyinə görə bu işi öz yaradılışına zidd hesab edə, bu işdən boyun qaçıra bilərmi? Təbiiki məsələyə bu cür yanaşmaq axmaqlıq olar. Şəriətin də bəzən zəhmət tələb edən, bəzən insanlara ağır və zəif xarakterli mümkünsüz kimi görünən tələbləri də məhz insan fitrətinin qorunması, sağlam qalması və sapdırılmaması üçün nəzərdə tutulub. Çünki insanı xəlq edən Allaha hamıdan da yaxşı məlumdur ki, insan fitrəti sağlam qalarsa mütləq öz həqiqətinə, qaynaqlandığı ünvana – Allaha tərəf yönələcək.

Sözügedən ayədən çıxaracağımız ikinci nəticə isə bundan ibarətdir ki, məlum oldu ki, insanın batinində xalis və bütün növ çirkinlikdən uzaq bir din mövcuddur. Bu din insanın fitrəti ilə eyniyyət təşkil edir. Lakin baş verən sapqınlıq və azğınlıqlar hamısı sonradan əməl və rəftarın, mühitin təsiri nəticəsində formalaşan qeyri-zati, qeyri-fitri şeylərdir. Məhz bu səbəbə görə də göndərilən peyğəmbərlərin bir vəzifəsidə bundan ibarətdir ki, insanları bu kimi qeyri-zati şeylərdən uzaq saxlayıb, zati fitrətlərinin, daxili fəzilətlərinin, istedadlarının çiçəklənməsinə şərait yaratsınlar.

İndi isə bütün bu deyilənləri müqəddimə edərək, əsas fikrimizi açıqlamağa çalışaq. İnsan özünü qisməndə olsa tanıdığı üçün intuitiv olaraq anlayır və hiss edir ki, insan yalnız bu az müddətli dünyada yemək və yaşamaq üçün mövcud deyil. Həmçinin intuitiv olaraq bizim bir şey düşüncəmizi narahat edir ki, biz az müddət yaşayıb tamamilə məhv olub getmək üçün də mövcud deyilik. Burada qeyd etdiyimiz bu hisslər intuitiv hisslərdir. Bu hisslər heç də ciddi arqumentasiya bazasına malik olan rassional hisslər deyil, amma rassional olmasada belə mövcuddur, günəş qədər aşkar bir reallıqdır. Hər zaman insan öz düşüncələrilə baş-başa qaldıqda, səmimi və qorxmadan, heç bir yad təsirin altında olmadan sərbəst olaraq düşündüyü zaman daha ali bir məqsəd üçün yaşadığını, məqsədsiz, təsadüfən yaradılmadığını hiss edir və bunu araşdırmaq istəyir.  Lakin materialist və ateistlər çox ciddi cəhdlə bu kimi hisslərin üstünü basdırmağa, düşüncələri qarışdırmağa çalışırlar. Ateist düşüncəsi metodoloji kallaps – yəni metod çatışmazlığı yaşadığı üçün və ən əsası insanın mənəvi dünyası, ruhi vəziyyətilə əlaqədar sualları, verilə biləcək cavabları o qədər qarışdırır ki, şahid olursan ki, bir müddət ateizmi ciddi cəhdlə müdafiə edənlər və bu mövqeyində inadla dayanan insanlar bir müddət sonra depressiyaya daxil olur, mənəvi cəhətdən çökürlər. Bunu çox yaxından tanıdığımız ateistlərin həyatında etdiyimiz şəxsi müşahidələrimizin əsasında da qətiyyətlə deyə bilərik.

   Bəzən insanlar, xüsusən gənclər özlərini, öz fitrətlərini tanımadıqları üçün müəyyən ucuz səbəblər xatirinə Allahı inkar edir, lakin bu inkar səbəbindən sonralar hər hansı sıxıntı zamanı qarşıya çıxacaq mənəvi burulğandan qurtula bilmirlər. Onlar bu problemlərini, mənəvi sıxıntılarını inanclı insanların yanında inadkarlıqla inkar edir, narahatlıqlarını gizlətsələr də belə, lakin tənha qaldıqda və çətinliklər zamanı çox sıxıntı yaşayırlar. Bu sıxıntılara isə əslində insan fitrətinin fəryadı desək heç də yanılmarıq. Bəzən fitrətin ən zəruri ehtiyacından – Allah və dindən uzaq qaldığı üçün yaratdığı bu sıxıntı halları müəyyən vasitələrlə – əyləncə, narkotik, alkoqol və dünyəvi ehtiraslar vasitəsilə ört-basdır edilməyə çalışılır. Bu hal inanclı olub, amma çox zəif imana sahib olan şəxslərə də aid ola bilər. Onlarda zəif ateist hesab oluna bilərlər. Hətta 20-ci əsrin dahi psixoloqu sayılan Ziqmund Freyd gənclik illərində kokain adlı narkotik maddəni istifadə etmiş və bu maddənin insanı müəyyən müddətə depressiyadan çıxardığını aşkar etmiş, buna görə də depressiyaya düşən və nevroz xəstəsi olan gənclərə kokain istifadəsini məsləhət görmüşdür. Hətta Freyd kokaninin xassələri barədə məqalə belə yazmışdır. Sonralar yaxın dostu Ernst fon Flyayşl kokaindən öləndən sonra o, fikrindən daşınıb. Freydə kokaindən xilas olması üçün uzun zaman lazım olub. Əziz oxucularımıza tam aydın oldu ki, dünya şöhrətli psixoloq belə insanı depressiyadan qaçması üçün onun varlığının ən zəruri ehtiyacını Allaha inancı, Allaha pərəstiş hissini möhkəmlətməyi deyil, ziyanlı bir maddənin istifadəsini məqbul saymışdır. Məlum oldu ki, həyatında Allaha inanc olmayan şəxslər düşdükləri mənəvi böhrandan ucuz və ziyanlı alternativ vasitələrlə çıxmağa çalışırlar və  yaxudda çıxmağı bacarmayaraq bir ömür depressiyada qalır, ya da intihar edirlər. Biz bu deyilənlərə nümunə olaraq ateist düşüncələri ilə məşhur olan iki dünya şöhrətli insanın həyatı barədə qısa məlumat vermək istərdik. Onlardan biri Sovet dövrünün məşhur şairi, marksizmin və leninizmin qatı tərəfdarı olan, ömrünü bütünlüklə materialist inqilaba həsr etmiş Vladimir Mayakovskidir. O da gənc yaşlarında düşdüyü depressiyadan çıxa bilməmiş və özünü güllə ilə vuraraq intihar etmişdir. Digər şəxs isə 20-ci əsrin əvvəllərində dünya mediasının gündəminə öz qeyri-adi yaddaşı ilə gəlmiş, çox az bir müddətə 40-a yaxın dil öyrənmiş şəxs Vilyam Ceyms Sidisdir. Bu şəxsdə ömrünü ateist düşüncəsi ilə keçirmiş, yazdığı kitablar uğur qazanmadığı üçün özünə qapılmış, depressiyaya düşmüş, elmdən tamamilə uzalaşmış və 46 yaşında olarkən beyninə qan sızması nəticəsində dünyasını dəyişmişdir.

  Əziz dostlar, gəlin razılaşaq ki, insan fitri olaraq aliliyə, ucalığa, böyüklüyə pərəstiş etməyə meyilli yaradılmışdır. Həyatı boyunca heç nəyə və heç kimə pərəstiş etməyən kimsəni tapa bilməzsiz. Hətta ən qatı materialistlərin belə mütləq pərəstiş etdikləri kimlərsə və ya nələrsə vardır. İnsan ya bir inqilabçı qəhrəmana, ya bir müğənniyə, aktyora, ya bir yazıçıya, ya bir alimə və yaxudda bir varlı insana pərəstiş edəcək. Əgər bunlara da etməsə ya vəzifəyə, ya pula, ya şöhrətə, ya da öz şəhvət ünvanı olan müəyyən şeylərə pərəstiş edəcək. İslam dininin təməl psrinsiplərinə görə insan fitrətində yerləşmiş bu zati meyl insanın həqiqi və yeganə pərəstiş olunması zəruri olan varlıqa, yəni Allaha pərəstiş etməsi üçündür. Yəni insan fitrətən aliliyə pərəstişə meylli yaradılmışdır və bu meylin ən doğru ünvanı ən ali varlıq – Allahdır. İnsanın bu fitri meyli üzü yuxarıya, Allaha doğru olduğu üçün üzü aşağıya, maddiyyata olan meyllər ona mane olur, bəzən isə bu meyli çaşdırır.

 Görkəmli İslam filosofu Mürtəza Mütəhhərinin özünün çıxışlarından ibarət “Teizm seminarları” əsərində qeyd edir ki, insanın yaradılışı (fitrəti) onu həqiqətdə Allaha tərəf çəkir, amma, insan yaradılışın tələbini yerinə yetirərkən səhvə yol verir. Yəni o Allahı, özünün həqiqi məbudunu (pərəstiş ünvanını) itirib, məcazi (saxta) məbuda (pərəstiş ünvanına) yönəlmişdir. Deməli, insanın məcazi məbuda yönəlməsinin səbəbi də onun həqiqətə doğru getməyə vadar edən həmin həqiqi hissdir.

 Ötən əsrin alimlərdən olan, məşhur alman alimi Ziqmund Freydin şagirdlərindən olan Karl Qustav Yunqun İslamın fitrət adlandırdığı, psixologiyada isə təhtəlşüur adlanan məhfum barədə çox dəqiq fikirləri mövcuddur. O deyir ki, insan təkcə zahiri şüurdan ibarət deyildir, onun özünün belə xəbərsiz olduğu alt şüuru da (təhtəlşüur) mövcuddur. Yunqun fikrinə görə şüurdan fərqli olaraq, alt şüur insanın dünyaya gəlib dünyanı müşahidə etməzdən öncə belə onun yaradılışında mövcud olub. Onun öz müəllimi olan Freydlə olan fikir ayrılığıda məhz bu məsələdən qaynaqlanır.

Allaha olan etiqad hissinin, Allaha meylin insan varlığında əzəli hisslərdən olmasının ən qatı tərəfdarlarından olan məşhur amerikalı psixoloq və filosof Uilyam Ceyms özünün “Din və Psixologiya” əsərində yazır:

 “Stimullarınız və meyilləriniz nə qədər təbiət aləmindən qaynaqlanmış olsa da, əksər meyillərimiz və azularımız fövqəltəbii aləmdən (metafizik aləmdən) qaynaqlanır. Çünki onların çoxu maddi və əqli hesablamalarla düz gəlmir. Biz maddi aləmdən çox mənəvi aləmə bağlıyıq. Arzularımızın çoxunun mənşəyi təbiət deyil. Əgər bizdə yeməyə meyil varsa, maddi  aləmdə mövcud olan yemək bizdə bu meyli yaradır. Amma bir sıra ülvi meyillər vardır ki, onların mənşəyi maddiyyatdan yüksəkdə dayanan həqiqətlərdir.”

SSRİ də məşhur beyin alimi olan, təqiblərə məruz qalmış, İttifaq dağıldıqdan sonra Rusiya Federasiyasında uzun müddət beyin instituna rəhbərlik etmiş və 2008-ci ildə dünyasını dəyişmiş Natalia Petrovna Bextereva deyirdi ki, beyində elə şöbələr vardır ki, hal-hazırda istifadə olunmasa da lap başlanğıcdan hazır formada olmuşdur, təkamül yolu keçməmişdir.

  Sizcə bu təkamül yolu keçməyən hissələr də nə gizlənib? Onlar nə üçün mövcuddur? Düzdür ki, biz fitrəti beyində yerləşən bir maddi varlıq hesab etmirik, lakin nəzərə alsaq ki, beyin insan ruhunun, insan fitrətinin zahiri, maddi aləmlə əlaqəsi üçün ən zəruri bir körpüdür, o zaman bu körpüdə mütləq fitrətə aid də nişanələr olmalıdır. Bu nişanələr də beyin aliminin sözləri ilə desək məhz təkamül yolu keçməyən, əzzəldən var olan hissələrdir.

 Əziz oxucular, yazımızın sonunda nəticəni çıxarmağın vaxtı gəldi. Bizim bu yazı vasitəsilə bütün ateist dostlara demək istədyimiz əsas söz bundan ibarətdir ki, əsla ucuz iddialara aldanaraq öz fitrətinizin səsini batırmayın. Əgər həqiqəti tapmaq istəyirsizsə səmimi bir şəkildə qəlbinizin, vicdanınızın səsinə qulaq asmalı və bunu daxilən istəməlisiz. Allahı tapmaq üçün dinin təklif etdiyi və müsəlman ariflərin getdiyi yollara baş vurmaq lazımdır. O yerə getmək lazımdır ki, inanclı insanlar məhz o yerdə Allahın varlığını möhkəm bir şəkildə hiss edirlər. O yer haradır? O yer isə səmimi bir ibadət, sensual mənəvi təcrübələr, nəfsin paklanması yolu ilə üstünün toz-torpağı, maddi örtüyü çəkilmiş insan FİTRƏTİDİR.

Mənsurov Bəşir

Oxuyaq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir