Emin Hüseynov: Mehman damarları partlamasın deyə süd məhsulları qəbul edir

Bloger Mehman Hüseynovun aclığı dayandıraraq su və qida qəbul etməsi barədə dövlət orqanları nümayəndələrinin bəyanatları həqiqətəuyğun deyil.

Bu barədə Turan-a onun qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib.

E.Hüseynovun sözlərinə görə, M.Hüseynov ona qarşı yeni uydurma cinayət işinə etiraz olaraq dekabrın 26-da başladığı aclığı davam etdirir.

Bu müddətdə blogerə ancaq bir sovqat gəlib, onu da kamera yoldaşlarına verib.

“Mehman qida qəbul etməsilə bağlı spekulyasiyalardan qaçmaq üçün ona yemək gətirilməməsini xahiş edib. Onun süd və qatığa ehtiyacı var. Bunu bizim xaricdə məsləhətləşdiyimiz həkimlər tövsiyə ediblər. Məsələ bundadır ki, Mehmanda varikoz damar genişlənməsi var və dekabrın 30-dək keçirdiyi quru aclıq onda kəskin kalsium çatışmazlığına səbəb olub. Süd məhsulları kalsium çatışmazlığını doldurmaqdan ötrü qan damarlarının partlamasına yol verməmək üçün lazımdır. Mehman uzunmüddətli aclıq edə bilməkdən ötrü orqanizmin immunitetini saxlaması üçün portağal, ya da nar suyu gətirməyi xahiş edib. O, həbsxana həkimlərinə və ona vurulan iynələrə etibar etmir”, – E.Hüseynov deyib.

O qeyd edib ki, əgər maneçilik törətməsələr, atası çərşənbə axşamı və ya çərşənbə günü təcridxanada oğlu ilə görüşəcək.

E.Hüseynovun sözlərinə görə, RATİ beynəlxalq təşkilatları, ilk növbədə Beynəlxalq Qırmızı Xaç Komitəsini Bakı 1 saylı İstintaq Təcridxanasında Mehman Hüseynova təcili baş çəkməyə çağırıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir