Ey gənclər, sizlərdən hansınız evlənmək iqtidarındadırsa, evlənsin

Doktor Əbdül Əzim Əl-Bəhraniyə verilən sual və doktorun cavabı.

Evlənmək istəyən gənclər üçün:

Sual:
Mən kasıb bir ailədənəm, odur ki, yaxın gələcəkdə evlilik barədə düşünə bilmərəm. Bəs mənə hakim kəsilən şəhvəti necə dəf edim? Özüm dindaram, günah çirkabına bulaşmaq istəmirəm. Xahiş edirəm, praktik bir çıxış yolu göstərəsiniz, çünki nəzəriyyələr insanı nə doydurur, nə də aclıqdan azad edir!

Cavab: Peyğəmbər (s) buyurub:

”Ey gənclər, sizlərdən hansınız evlənmək iqtidarındadırsa, evlənsin, çünki bu, gözlərinizi haram baxışdan, cinsiyyət üzvünüzü isə günahdan qorumaq baxımından daha yaxşıdır. Evlənmək iqtidarında olmayan isə oruc tutsun, çünki oruc onun müdafiəsidir”.

Bu Peyğəmbər hədisinə əsaslanaraq onu deyə bilərəm ki, sənin üçün evlənmək və yaxud oruc tutmaqdan başqa, çıxış yolu yoxdur. İki növ nikah mövcuddur: Bunlardan biri daimi əqddir ki, maliyyə çətinliklərinə baxmayaraq, sənə məhz bunu məsləhət görürəm. Sənin zəif maliyyə vəziyyətini qəbul edən bir xanım axtarıb tap və ona de: Allah nikahdan sonra Öz lütfü ilə bizi zənginləşdirməyə vəd vermişdir. Gəl Ona və Onun vədinə güvənək, Ona sığınaq. O, öz kitabında buyurmuşdur ki, “(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz lütfi ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!

“Peyğəmbərin (s) səhabələrindən olan bir gənc bir gün onun (s) yanına gələrək deyir: -Bu gün anamla mənim günorta yeməyinə heç nəyimiz yoxdur.

Oğlan Peyğəmbərin (s) ona nə isə verəcəyini gözləyirdi, Peyğəmbər (s) isə əvəzində dedi:

-Evlən!

Gənc Peyğəmbərin (s) onu düzgün eşitmədiyini zənn edərək yenidən dedi:

·Ey Allahın rəsulu, mənim günorta yeməyinə belə heç nəyim yoxdur. Mən necə evlənə bilərəm?

Peyğəmbər (s) yenə dedi:

Evlən!

Gənc yenə də dediyini təkrarladı və Peyğəmbər (s) yenə dedi: ·Evlən!

Gənc oğlan Peyğəmbərin (s) ona heç nə vermədiyinə təəccüb etdi, çünki səxavətli Peyğəmbər (s), hətta öz düşmənlərinə belə geyim və paltar verərdi.

Gənc anasının yanına qayıtdı və Peyğəmbərin (s) dediklərini ona söylədi.

Anası dedi: -Şübhəsiz ki, Peyğəmbər (s) bu işdə bir hikmət görür.

Ana oğlundan qonşularının qızını istəmək üçün izn aldı. Oğlan razılaşdı və qız ərinin evinə o qədər sadə və heç bir xərc sərf edilmədən gəldi ki, toy mərasimi elə həmin gün baş tutdu.

Gənc öz–özünə düşündü ki, xanımını dolanışıqsız qoya bilməz. Odur ki, bir qədər odun toplamaq üçün şəhərdən kənara çıxdı. Topladığı odunu iki dirhəmə satdı. Bir dirhəmlə bir qədər ərzaq aldı, ikinci dirhəmi balta almaq üçün kənara qoydu. Artıq dörd dirhəm topladıqda odunu doğramaq üçün balta ala bildi.

Bir neçə gündən sonra odunu dükana apara bilmək üçün bir dəvə aldı. Hər səhər o, öz baltası ilə səhraya odun yığmağa gedər, sonra onu satmaq üçün dəvənin üstünə yükləyib, dükana daşıyardı. Evləndikdən qırx gün sonra Peyğəmbər (s) onu Mədinədə dəvəsi ilə birlikdə görür və ondan dəvə barədə soruşur. Gənc Peyğəmbərə (s) olanları nəql edir. Peyğəmbər (s) buyurur: ·Sənə demədimmi ki, evlənəsən.
Bir müddət sonra bu gənc Mədinənin ən zəngin adamlarından birinə çevrilir.

Əziz qardaş, kasıblıqdan qorxma, çünki kasıblıqdan qorxmaq səni elə kasıblıq içində saxlayar. Allaha səmimi qəlblə güvənsən, Allahın ailə həyatını işıqlandıracağına dair verdiyi vədinə şahid olacaqsan.

Bununla belə, əgər evlənə bilmirsənsə və öz dediyinə görə, şəhvətin olduqca şiddətlidirsə, sən onu oruc və ibadətlə söndürə bilərsən. Əgər bunlar da sənin ehtirasını söndürə bilmirsə, ən son çıxış yoluna müraciət etməlisən ki, bu da Allahın halal buyurduğu əqd nikahıdır. Lakin bəzi cahillər müvəqqəti əqdi qadağan etdiyinə görə özlərini və ardıcıllarını zinaya bulaşdırmış, bu instinkti boğmaq nəticəsində müxtəlif psixoloji komplekslərə məruz qalmışlar.

Qarşı tərəfin (boşanmış və ya dul qadın) razılığı ilə baş tutan müvəqqəti əqd müəyyən hallarda üstünlük verilən bir yoldur. Allah bu işə izn verdiyi üçün özünüzü əziyyətə salmayın!

Dr Əbdül Əzim Əl-Bəhrani

“Daha yaxşı gələcək” kitabı

Oxuyaq.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir