İndoneziyada İslam necə yayıldı

Bu gün Indoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur. 250 milyon nəfərdən artıq müsəlman əhalisi olan bu ölkədə Islam dini qılınc və hərb gücünə deyil, tacirlərin vasitəsilə yayılıb.

 

Indoneziyaya Islamı gətirmiş ilk şəxslər heç bu dini təbliğ etmək məqsədi də güdmürdülər, sadəcə olaraq burada alış-verişlə məşğul idilər. Bunun tarixçəsini kitablarda aşağıdakı kimi qeyd ediblər:

Bir müsəlman tacir öz köməkçisi ilə Indoneziyaya parça alverinə gəlir. O zamanlar bu yerlərin əhalisi hələ bütpərəst idi. Tacir özü ilə növbənöv parçalar gətirmişdi, keyfiyyətindən asılı olaraq hər növ parçanın fərqli qiyməti vardı. Tacir dükanda olmayanda köməkçisi diqqətsizlik edir, ucuz parçanı baha qiymətə müştəriyə satır. Tacir qayıdıb dükanda olmadığı zaman alış-verişin necə getdiyi ilə maraqlanır. Köməkçinin səhvindən xəbər tutanda tacir çox narahat olur: “Bu nə işdir görmüsən? Axı bu halal deyil. Biz müştərinin haqqını yemiş olduq, ondan halallıq almalıyıq”.

Tacir halal-harama o qədər diqqət yetirən adam idi ki, dərhal həmin müştərini axtarmağa başlayır. Çox çətinliklə onun kim olduğunu öyrənir, evinə gedib hadisəni ona danışır, üzr istəyir və pulun artığını qaytarır. Ayrılanda dönə-dönə ondan halallıq istəyir. Müştəri heyrət içində qalır: “Halallıq vermək nə deməkdir? Biz indiyə kimi belə şey eşidib-görməmişik. Parçaların qiyməti arasındakı fərq çox cüzidir. Sən qəpik-quruşu mənə qaytarmaq üçün bu qədər zəhmət çəkmisən, məni axtarıb tapmısan. Axı niyə?”. Tacir izah etməyə başlayır ki, bizim dinimizdə pulu halallıqla qazanmaq əmr olunub. Başqasının bir qəpik pulunu da mənimsəmək günahdır. Bir kəs başqasının xətrinə dəysə ya ona ziyan vursa, mütləq üzr istəyib halallıq almalıdır. Əks halda, Allahın qəzəbini qazanar.

Müştəri tacirin sözlərinə heyran qalmışdı. Hadisəni qohum-qonşuya danışdı. Tacirin hərəkəti barədə xəbərlər dildən-dilə gəzdi. Nəhayət, söhbət Indoneziya hökmdarının qulağına çatdı.

Hökmdar taciri çağırtdırıb baş verənləri onun öz dilindən dinlədi. Sonra soruşdu: “Deyirsən ki, sənin dinin bu cür davranmağı əmr edir. Mənə bu dindən danış. Islam nədir, müsəlman olmaq üçün nə etmək lazımdır?”. Tacir Islam haqqında danışdıqca, hökmdarın bu dinə rəğbəti artırdı. Islamın əsas prinsipləri, əmr və qadağanları, müsəlmana vacib olan ibadət və əxlaq normaları haqqında məlumat alandan sonra hökmdar qəti surətdə müsəlman olmağa qərar verdi. Hökmdarın ardınca saraya əyanları, daha sonra yerlərdəki valilər müsəlman oldular. Camaat da könüllü surətdə Islama gəlməyə başladı. Beləcə, Indoneziya qısa müddətdə müsəlman ölkəsinə çevrildi.

 

İslam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir